25 iyun 2010 11:36
Avropa futbolunun qara günləri
Futbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatır. Bu gün iki qrupda son oyunlar oynanılmalıdır və sabahdan pley-off mərhələsi start götürür. Bəzi ilkin yekunlar barədə danışmaq olar.
Qrupların yekun cədvəllərinə və 1/8 finalın iştirakçılarının siyahısına ötəri nəzər yetirmək kifayətdir ki, dünya futbolunda baş verən proseslər və tendensiya görünsün: Avropa futbolu birmənalı şəkildə tənəzzül dövrünü keçirir. Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış 13 Avropa yığmasından hələ ki ancaq 4-ü qrup mərhələsini adlaya bilib, 6-sı isə çıxışlarını yekunlaşdırıb. Bu gün «Köhnə dünya»nın daha 3 yığması pley-offa vəsiqə qazanmaq üçün meydançaya çıxacaq.
Qrup mərhələsini keçə bilməmiş Avropa komandalarının arasında Fransa və İtaliya kimi qrandların olması ayrıca söhbətin mövzusudur. Son dünya çempionatının finalçılarının bu dəfə öz qruplarında sonuncu yeri tutaraq biabırcasına vaxtından əvvəl evə yollanmaları həmin ölkələrdə, şübhəsiz ki, böyük rezonans doğurub və hadisələrin davamını izləyəcəyik.
Bunun tam əksi olaraq, Amerika qitəsindən Mundiala vəsiqə qazanmış 8 milli komandanın cəmi 1-i (Honduras) bütün 1/8 final ümidlərini itirərək bu gün sadəcə şərəfini qorumaq üçün son oyununa çıxacaq. Braziliya və Çili yığmalarının pley-off şansları xeyli böyükdür.
Daha bir maraqlı fakt: bu günə kimi növbəti mərhələyə vəsiqə qazanmış Avropa komandalarının çıxış etdikləri qruplarda (F qrupu istisna olmaqla) Amerika komandaları yoxdur. Həmin F qrupunda olan Paraqvay isə Slovakiyanı qabaqlayaraq və birinci yeri tutaraq pley-offa yüksəlib.
Avropa üçün tragikomik xəbərlərdən biri də odur ki, qitənin 1/8 finala vəsiqə qazanmış 4 komandası bu mərhələdə bir-birinə qarşı oynayacaqlar. Başqa sözlə, 1/4 finala həmin komandalardan yalnız 2-si keçə biləcək.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Avropa futbolu dərin tənəzzül dövrünü yaşayır. Səbəb kimi qitədə tüğyan edən maliyyə böhranını da göstərmək olar. Amma kim deyə bilər ki, həmin Paraqvayda və Meksikada vəziyyət daha yaxşıdır? Heç kim. Əsl səbəb tam başqadır: avropalılar öz xarakterlərini bir qədər dəyişməli və dünyaya daha real baxışlarla baxmalıdırlar. Yoxsa çox tezliklə dünya futbolunda Amerika qitəsinin əsas rəqibləri kimi Afrika və Asiya komandalarını görə bilərik.
