28 iyun 2010 16:38
«Qana dünya çempionu olacaq»
Qana yığma komandasının müdafiəçisi Semyuel İnkoom 2010-cu ilin futbol üzrə dünya çempionatında qanalıların çıxışlarını qiymətləndirərkən çox da təvazökarlıq etməyib. Bundan başqa, İnkoom ABŞ komandası barədə düşündüklərini deyib.
azerisport.az xəbər verir ki, qanalı futbolçu bütün bunlarla bağlı söyləyib: «Mən özümü əla oyunçu hesab edirəm. Özünə inanırsansa, arzu etdiyin hər şeyə nail ola bilərsən. Bizim çox güclü komandamız, əla qapıçımız var. Asamoa Qyanı xüsusilə qeyd etmək istəyirəm. Bu, əsl qoleadordur, istənilən anda qol vura bilər. Qanaya qarşı oynamaq hamı üçün çətindir, biz bir ailəyik və məhz buna görə qələbələr qazanırıq. Düşünürəm ki, Uruqvay üzərində qələbə qazana, finala çata və onu da uda bilərik. O ki qaldı 1/8 final üzrə rəqiblərimizə, ABŞ komandası pis deyil. Sadəcə olaraq, biz yaratdığımız şanslardan istifadə edirik, onlar isə yox. Komandalar arasında fərq bundan ibarətdir».
