2 oktyabr 2023 16:01

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Paris-2024-ə lisenziya qazanan ilk idmançılarımızdansınız. Sizin üçün Olimpiya Oyunlarına hazırlıq artıq indidən başlayıb da deyə bilərik. Erkən lisenziyanı necə dəyərləndirirsiniz?
Bu yaxınlarda beynəlxalq turnirdə iştirak etdim. Qarşıda da yarışlar var. İlin sonuna doğru əsas yarış noyabrda Monteneqronun Budva şəhərində U-22 Avropa çempionatı olacaq. Qitə çempionatında məqsədim birinci olmaqdır. Daha əvvəl yeniyetmələrdə Avropa çempionu, gənclərdə qitə üçüncüsü olmuşam. Çempionluğu U-22 yaş qrupunda da təkrarlamaq istəyirəm. İnanıram ki, bunu bacaracağam. Lisenziyanı xeyli öncədən almağım, əlbəttə, üstünlükdür. Çalışıram, ən yaxşı şəkildə dəyərləndirim. Arxayınlaşmaq yoxdur.
Sentyabrın 21-25-də Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatıldınız. Lakin yerli idmançı ilə ilk görüşdəcə məğlubiyyətlə üzləşdiniz. Uğursuz çıxışın səbəbi nə idi?
Zədəmlə bağlı məşq etmirdim. Cəmi bir həftə hazırlaşdım. Üstəlik, çox çəki saldım. Düz 10 kilo. Ona görə döyüş vaxtı enerjim olmadı.
Sizin də iştirak edəcəyiniz U-22 Avropa çempionatının Bakıda keçirilməsi planlaşdırılırdı. Lakin yarış sonradan Monteneqronun Budva şəhərinə verildi. Bunu necə qarşıladınız?
Əlbəttə, pis olduq. Vətəndə döyüşməyin yeri başqadır. Çox istərdim Avropa Oyunlarından sonra bir də doğma azarkeşlər önündə uğur qazanım, onları sevindirim. Amma qərar belədirsə, deyiləcək söz yoxdur. Çalışıb orada ən yaxşı nəticəni qazanmalıyıq.
Adınız daha əvvəl də mütəxəssislər tərəfindən böyük perspektiv vəd edən boksçular arasında çəkilib. Amma sizi əsasən III Avropa Oyunlarındakı bürünc medaldan sonra tanıdılar. Ona qədər böyüklərdə medal hesabını aça bilməməyinizi nə ilə bağlayırsınız?
Mənim üst-üstə 10-a yaxın Azərbaycan çempionluğum var. Bunlardan ikisi böyüklər arasında olub. Hər iki finalda olimpiya mükafatçımız Kamran Şahsuvarlını məğlub etmişəm. Avropa Oyunlarına qədər dünya çempionatında iştirak etmişdim, orada ikinci döyüşdə məğlub oldum. Mənə qalib gələn Qazaxıstan boksçusu Nurbek Oralbay isə sonradan dünya çempionu oldu. Daha öncə təqvimdə Ermənistanda keçirilən Avropa çempionatı var idi. Məlum səbəbdən biz ora yollana bilmədik. Getsəydik, hakimlərin sıxışdırması olmasaydı, medal hesabımı elə orada aça bilərdim.
Müasir Olimpiya Oyunlarının banisi Pyer de Kubertenden qalma məşhur devizi var: Əsas qələbə deyil, iştirakdır. Ancaq dövrümüzdə bu, demək olar ki, təsir qüvvəsini itirib. Hamı medal qazanmaq, zirvəyə qalxmaq istəyir. Boksda da ölkəmizin yetərincə olimpiya medalı olsa da, olimpiya çempionu yoxdur. Siz Paris-2024-də hansı nəticəyə ümid edirsiniz?
Olimpiadaya vəsiqə qazanmaq böyük uğurdur. Amma "əsas iştirakdır" şüarını qəbul etmirəm. Məqsəd medal qazanmaqdır. Əlbəttə, bu, asan olmayacaq. Bildiyiniz kimi, çəki dərəcələrinin də sayı azaldılıb. Bir çəkidə favorit idmançılar kifayət qədər çox olacaq. Olimpiadaya ən yaxşı şəkildə hazırlaşacağam. Bir yandan da boksdakı dəyişiklik stimul verir. Yarışlar İBA-nın bayrağı altında keçiriləndə hakim haqsızlıqları çox olurdu.
Sahib Əsədbəyli

Похожие новости

Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.
Boks 24 may

Alekseyevna DÇ-də növbəti mərhələyə adladı

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.