5 oktyabr 2023 13:23

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Karyeranızda üçüncü dəfə dünya çempionatına qatılmışdınız. Bu, ikinci medalınız oldu. Medalın əyyarını yaxşılaşdırdığınız üçün sevinirsiz, ya çempionluğu itirmək daha ağır gəlir?
Hamı bilir ki, mənim məqsədim dünya çempionu olmaq idi. Əlbəttə, medal, üstəlik, olimpiadaya lisenziya qazanmaq sevindiricidir. Amma dünya çempionluğunu əldən qaçırdığım üçün üzgünəm.
Biz sizi məğlubiyyətlə barışmayan, sona qədər hücum üslubunda güləşçi kimi tanıyırıq. Ancaq kubalı Luis Orta ilə final qarşılaşmasında özünüzə bənzəmədiniz. Hətta hər iki hissədə parter rəqibin xeyrinə verildi. Bu, nədən irəli gəlirdi? Fiziki çatdırmadınız?
Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam "tutuldum". O vəziyyətimə heç cür səbəb tapa bilmirəm. Doğrudan da finala qədər keçirdiyim görüşlərlə son duel fərqli ab-havada keçdi.
Sizcə, final həmin gün olsaydı, nəticə fərqli olardı?
Bu barədə söz deyə bilmərəm. Rəqib güclü idmançıdır, 60 kiloqramda Tokioda olimpiya çempionu olub. Amma zəif tərəfləri də var. Sadəcə, öz səhvlərim nəticədə həlledici oldu. Məsələn, parteri çox zəifdir. İlk hissədə parterdə üstünlük rəqibə veriləndə mən onu çevirdim. Həmin an daha ağıllı davranıb, rəqibi döşəyin içinə fırladaraq, ardıcıl fəndlərlə görüşü bitirə bilərdim. Əksini edib çölə çıxartdım. Yenə deyirəm, o görüşdə mən özümə bənzəmirdim.
Finala qədər keçirdiyiniz görüşlərdən xüsusilə iranlı olimpiya və dünya çempionu Mohammedreza Gerayini tam üstünlüklə yenməyiniz diqqət çəkdi. Siz ona iki il əvvəlki dünya çempionatında məğlub olmuşdunuz. Bilirik ki, onunla revanş görüşünə xüsusi hazırlaşırdınız. Dueldən əvvəl, görüş zamanı xalçada nə hisslər keçirirdiniz?
Bəli, məşqçilərlə birlikdə üzərində ən çox hazırlaşdığımız idmançılardan biri o olub. Gerayinin çox təhlükəli olduğu konkret vəziyyətlər var ki, durmadan onların üzərində işləmişdik. Məsələn, o, parterdə çox güclüdür, iki il əvvəl Oslodakı dünya çempionatında da məni bu vəziyyətdə yenmişdi. Bu dəfə ona həmin fürsəti verməyəcəkdim. Düzdür, buna ehtiyac yaranmasa da, hesab edirəm ki, ümumən həmin hazırlıqlar mənə çox kömək oldu.
Yığmanın məşqçisi Həsən Əliyev bizə müsahibəsində demişdi ki, sizin, o cümlədən Sənan Süleymanovun dünya çempionatının finalında uduzması Olimpiya Oyunlarında daha yaxşı nəticə üçün yararlı ola bilər. Onun fikrinə münasibətiniz necədir?
Həsən Əliyev elə xalçanı tərk etdikdən dərhal sonra mənə dedi ki, yaxşı oldu uduzdun. Görünür, bir bildiyi var deyə elə düşünür.
Adınız ölkə idmanında Paris-2024-də olimpiya çempionluğuna əsas namizədlərdən biri, hətta birincisidir. Sizin olimpiadaya hazırlığınız da artıq indidən başlayıb deyə bilərik. Sizə ümid bəsləyənlərə nə sözünüz var?
Qabaqcadan söz verməyi xoşlamıram. Bu dünya çempionatından öncə də heç bir açıqlama vermək istəməmişdim. Sadəcə onu deyə bilərəm ki, səhvlər var, onun üzərində işləmək, olimpiadaya ideal formada yollanmaq lazımdır. Əlimdən gələni edəcəyəm ki, Parisdə xalqımızı ən yüksək nəticə ilə sevindirim.

Sahib Əsədbəylı

Похожие новости

Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.
Güləş 28 noyabr

9 ildə 192 medal - 63 qızıl, 49 gümüş, 80 bürünc

Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etdi.