29 iyun 2010 12:12

Braziliyanın qələbəsi zəlzələni unutdurub

Haitinin paytaxtı Port-o-Prens şəhərinin minlərlə sakini Braziliya yığmasının dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Çili üzərindəki 3:0 hesabı ilə qələbəsini bayram etmək üçün küçələrə çıxıblar.
 
azerisport.az xəbər verir ki, ənənəvi olaraq, Argentina komandası ilə yanaşı, Braziliya millisi Haitidə çox sevilir. Braziliyanın milli bayraqlarının rənglərinə bürünmüş haitililər Delmas bulvarında musiqi və rəqslərlə müşayiət olunan əsl karnaval təşkil ediblər. Şahidlərin dediyinə görə, bayram gecə saat 3-ə qədər davam edib.
 
Xatırladaq ki, Haiti hələ də bu ilin yanvar ayında baş vermiş güclü zəlzələdən özünə gələ bilməyib. O zaman 300.000 nəfərin ölümü ilə nəticələnmiş təbii fəlakətin dağıntıları aradan qaldırılmaqdadır.
 
Yerli sakinlər etiraf edirlər ki, sevimli komandalarının qələbəsi bir anlıq da olsa, zəlzələni unutdurub.