25 iyun 2010 13:03

Eriksson: futbolçulardan 8-9 top vurmağı xahiş etmək olmaz

Kot-d’İvuar yığma komandasının baş məşqçisi Sven-Yoran Eriksson etiraf edib ki, onun komandasının futbol üzrə dünya çempionatının pley-off mərhələsinə çıxmaq şansları böyük deyil. Bunun üçün, azerisport.az saytının qeyd etdiyi kimi, afrikalılar Şimali Koreya komandasının qapısından ən azı 8 top keçirməli və ümid etməlidirlər ki, Braziliya paralel oyunda Portuqaliyaya qalib gələcək.
Eriksson deyib: «Qrupda qəribə vəziyyət yaranıb. Hesab edirəm ki, biz yaxşı futbol nümayiş etdirmişik, lakin çətin vəziyyətdə qalmışıq. Məşqçi oyunçulardan bir oyunda 8-9 top vurmağı xahiş edə bilməz, çünki bu, real görünmür. Biz mümkün olduğu qədər çox qol vurmağa çalışacağıq, amma çətin ki, lazım olan qədər vura bilək».