24 iyun 2010 13:06
İtaliya oyunu alıb, yoxsa yenə 3 xalla kifayətlənəcək?
Bu gün əvvəlcə F, sonra isə E qrupunda futbol üzrə dünya çempionatının qrup mərhələsinin son oyun günüdür. Komandaların oyunlardan əvvəlki vəziyyətləri və pley-off şansları ilə bir daha tanış olaq.
Fqrupu
19:00 Slovakiya – İtaliya
19:00 Paraqvay – Yeni Zelandiya
Paraqvay– Yeni Zelandiya ilə turun son oyununda bu komandanı heç-heçə də qane edir. İtaliyanın qrupda zəif oyununu və slovakları darmadağın etməsinin problemliyini nəzərə alsaq, 5xal paraqvaylılara qrupda 1-ci yeri tutmağa yəqin ki, bəs edəcək.
İtaliya– bu komandanın ənənəvi olaraq qrup mərhələsindən çətinliklə də olsa çıxdığını xatırlatmaq istərdik. Bu səbəbdən slovaklarla son oyunda italiyalıların çox da qüvvə sərf etməyərək yenidən 1 xal qazanaraq qrupda ikinci yeri tutacağını demək olar. Lakin qeyd etmək lazımdır ki, bu qrupun ikincisi 1/8 finalda böyük ehtimalla Hollandiya yığması ilə qarşılaşmalıdır. Belə perspektivi nəzərə alan İtaliya millisi Slovakiya komandasına 2 top fərqi ilə qalib gəlməlidir. Bir şərtlə ki, Yeni Zelandiya daha bir sürpriz edərək üçüncü oyunda da xal qazanmasın.
Yeni Zelandiya– komandanın çıxışını Mundialın ən böyük sürprizi adlandırmaq olar. Lakin Paraqvaya qarşı oyunda zelandiyalıların şansları elə də çox deyil. Qrupdan çıxmaq üçün Okeaniya təmsilçisi ya qələbə qazanmalı, ya da heç–heçə edərək digər oyunun nəticəsini gözləməlidir. Nəzərinizə çatdıraq ki. bu qrupda son oyunlar eyni hesabla heç-heçə bitərsə, İtaliya ilə Yeni Zelandiyanın göstəriciləri büsbütün eyni olacaq və qaydalara görə, qrupun ikincisini müəyyən etmək üçün püşk atılmalıdır.
Slovakiya – pley-off mərhələsinə çıxmaq üçün bu komandaya İtaliya ilə oyunda yalnız qələbə lazımdır. İstənilən digər hesab slovaklar üçün çempionatın sonu demək olacaq.
E qrupu
23:30 Danimarka –Yaponiya
23:30 Kamerun – Hollandiya
Hollandiya– bütün motivasiyasını itirmiş Kameruna qarşı oyunda narıncılara heç-heçə də tamamilə kifayətdir ki, qrupda 1-ci yeri tutsunlar. Ən pis halda Hollandiya 2-ci yeri tuta bilər. Bunun üçün o, Kameruna uduzmalı, eyni zamanda Yaponiya – Danimarka matçında yaponlar 2 top fərqi ilə, ya da avropalılar 3 top fərqi ilə qələbə qazanmalıdırlar.
Yaponiya– komandanı son turda qələbə və istənilən hesablı heç-heçə qane edir. Fantastik hadisələr baş verməzsə, yaponlar yalnız 2-ci yerə umid edə bilərlər. Məğlubiyyət halında heç bir pley-off şansı qalmır.
Danimarka– bu komandaya Yaponiya ilə oyunda ancaq qələbə lazımdır. İstənilən hesablı heç-heçə və məğlubiyyət danimarkalılar üçün çempionatın sonu anlamına gəlir.
Kamerun– dünya çempionatında bütün pley-off şanslarını itirmiş bu komandanın Hollandiyaya böyük müqavimət göstərəcəyi sual altındadır.
