23 iyun 2010 09:31
İngiltərə və Almaniya üçün son şans
Bu gün futbol üzrə dünya çümpionatının C və D qruplarında son tur oynanılacaq. Komandaların bu oyunlar öncəsi pley-off şanslarını bir daha nəzərdən keçirək.
C qrupu
19:00 Sloveniya – İngiltərə
19:00 ABŞ – Əlcəzair
Sloveniya– pley-off mərhələsinə yüksəlmək üçün komandaya İngiltərəyə qarşı oyunda heç-heçə kifayətdir. İlk yeri tutmaq üçünsə qalib gəlmək lazımdır. Lakin qonşu D qrupundakı vəziyyət elədir ki, C qrupunda ilk yeri tutan komanda 1/8 finalda daha çətin rəqiblə (Almaniya ilə) üz-üzə qala bilər. Sloveniya komandası qrupdakı son oyununu uzudsa da növbəti mərhələyə ümid bəsləyə bilər. Bunun üçün ABŞ – Əlcəzair oyunu ya heç-heçə qurtarmalı, ya da afrikalılar 1 top fərqi ilə qalib gəlməlidirlər.
ABŞ – bu komanda son oyunda ya heç-heçə edərək Sloveniyanın qələbəsinə, ya da kiçik hesablı heç-heçəsinə ümid etməli, yaxud da yalnız qələbə üçün oynamalıdır.
İngiltərə – Sloveniya ilə oyunda ingilisləri yalnız qələbə qane edir. Heç-heçə ilə də pley-offa düşmək olar. Amma bunun üçün heç-heçəni mümkün qədər böyük hesabla (3:3, 4:4) etmək və ABŞ – Əlcəzair oyununda kiçik hesablı (0:0, 1:1) heç-heçəyə ümid bağlamaq lazımdır.
Əlcəzair – pley-off mərhələsinə çıxmaq üçün afrikalılar ancaq qələbə qazanmalıdırlar. Başqa bütün variantlar onların xeyrinə deyil.
D qrupu
23:30 Qana – Almaniya
23:30 Avstraliya - Serbiya
Bu qrupdakı bütün komandalar bu gün yalnız qələbə üçün oynamalıdırlar.
Qana– Almaniyaya qarşı oyunda qələbə komandanı 1-ci yerdən 1/8 finala aparacaq. Heç-heçə olarsa, afrikalılar ən pis halda 2-ci yeri tutaraq yenə də mübarizəni davam etdirə biləcəklər. Uduzduğu halda belə, Qana nəyəsə ümid edə bilər – əgər Almaniya 1:0 hesabı ilə qalib gələrsə və Serbiya – Avstraliya oyunu 0:0 bitərsə, 2-ci yer afrikalıların olacaq. Digər hesablı məğlubiyyət halında qanalılar Avstraliyanın qələbəsinə ümid etməlidirlər.
Almaniya– qələbə almanları birbaşa 1/8 finalın iştirakçısı edir. Heç-heçə olarsa, serblərin avstraliyalılara qalib gəlməməsinə ümid etmək qalır. Məğlubiyyət Almaniya üçün dünya çempionatının sonu deməkdir.
Serbiya– qələbə tam arxayınlıqla serbləri pley-offa çıxarır. Avstraliyalılarla heç-heçə olarsa, ya Qananın qələbəsinə, ya da almanların qanalılara ən azı 2 top fərqi ilə qələbəsinə ümid etmək lazım gələcək. Uduzmaq olmaz.
Avstraliya– pley-off mərhələsinə çıxmaq üçün yalnız qalib gəlmək və Almaniya – Qana oyununun heç-heçə qurtarmamasına dua etmək lazımdır.
