23 iyun 2010 16:12

Anri təyyarədən düşən kimi ölkə prezidenti ilə görüşməyə yollanacaq

Fransa prezidenti Nikola Sarkozi milli komadanın Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatındakı biabırçı çıxışının səbəblərini müzakirə etmək üçün yığmanın hücumçusu Tyerri Anri ilə görüşəcək.
 
Bundan əlavə, dövlət başçısı Fransa yığmasının Meksikaya qarşı keçirdiyi oyunun fasiləsində baş vermiş qalmaqal barədə təfərrüatları öyrənmək istəyir.
 
Xatırladaq ki, sözügedən qalmaqaldan sonra «Çelsi»nin hücumçusu Anelka yığma komandadan uzaqlaşdırılmışdı.
 
Bu gün axşama yaxın Fransa komandasının təyyarəsi Parisin «Şarl de Qoll» hava limanında yerə enməlidir. Anri təyyarədən birbaşa prezidentin iqamətgahına yollanacaq.