23 iyun 2010 13:16
Pele: «Maradona məni çox sevir»
Dünya futbolunun canlı əfsanəsi Pele Argentina yığma komandasının baş məşqçisi Dieqo Maradonanın bu yaxınlarda verdiyi bəyatana münasibətini bildirib.
Argentinalı superulduz braziliyalı əfsanənin və UEFA-nın prezidenti Mişel Platininin onun ünvanına dedikləri sözlərə reaksiya vermişdi. Güya adı çəkilən mütəxəssislər Maradonadan baş məşqçi çıxmayacağını demişdilər. Buna cavab olaraq Maradona Peleyə məsləhət görmüşdü ki, özünü muzeyə təhvil versin. Platinini isə bütün fransızlar kimi hamıya yuxarıdan aşağıya baxmaqda günahlandırmışdı. Sonradan Platini Maradonanın ünvanına təkzib məktubu göndərmişdi və argentinalı dediklərinə görə fransızdan üzr istəmişdi.
Pele isə öz şübhələrindən boyun qaçırmayıb və deyib: «Bütün dünya bilir ki, Maradona məni sevir. Çox sevir. Dieqo hər hansı bir kampaniyaya başlayanda, ona diqqət tələb olunanda həmişə məni yada salır».
