23 iyun 2010 13:06

Fransızların baş məşqçisi Parreyradan da küsməyə imkan tapıb

Futbol üzrə dünya çempionatında dünənki CAR – Fransa matçından sonra komandaların baş məşqçilərinin iştirakı ilə xoşagəlməz hadisə baş verib. Afrikalıların braziliyalı baş məşqçisi Karlos Alberto Parreyra oyundan sonra ənənəyə sadiq qalaraq rəqibin baş məşqçisinə əl uzadıb. Raymon Domenek isə nümayişkaranə şəkildə üzünü başqa tərəfə çevirib. Məşqçilər bir-birlərinə iki-üç kəlmə xoşagəlməz ifadələr işlədiblər. Bundan sonra braziliyalı mütəxəssis baş verənlərə aydınlıq gətirmək üçün hətta həmkarının pencəyinin ətəyini də dartıb…
 
Sonradan Domenekin köməkçilərindən biri Parreyraya bildirib ki, fransız məşqçi Parreyranın oyundan əvvəl dediyi sözlərdən inciyib. Guya CAR-ın baş məşqçisi fransızların çempionatın final mərhələsinə çıxmağa layiq olmadıqlarını dilinə gətiribmiş.
 
azerisport.az AP agentliyinə istinadla bildirir ki, Parreyra məsələ ilə bağlı deyib: «Mən, sadəcə olaraq, onu dəstəkləmək istədim, o isə məni Fransa komandasının ünvanına təhqiramiz sözlər işlətdiyimə görə günahlandırır. Aydın məsələdir ki, mən heç zaman bu cür ifadələr işlətməzdim. Amma deyəsən, o, son günlərdə yaşadığı tənqid atəşinə tamamilə layiqdir. Belə çıxır ki, tam layiqdir».