22 iyun 2010 10:06

Kot-d’İvuarın yeganə ümidi Koreyanın bundan da böyük rüsvayçılığıdır

G qrupunun komandalarının pley-off şansları barədə
 
Braziliya – qrupda birinci yeri tutmaq üçün komandaya Portuqaliya ilə oyunda heç-heçə də kifayətdir. Bu cür nəticənin portuqaliyalıları da qane etdiyini nəzərə alsaq, pentakampeonların vəzifəsi elə də çətin görünmür. Lakin əsas məsələ heç də qrupda birinci olmaq deyil. Çünki pley-off mərhələsində bu qrupun birincisinin qarşılaşacağı komanda İspaniya yığması da ola bilər.
 
Portuqaliya – qrupun birincisi olmaq üçün Braziliyanı məğlub etmək gərəkdir. İkinci yeri tutmaq üçün isə heç-heçə də bəsdir. Yox, əgər braziliyalılar prinsipial olaraq 3 oyundan 9 xal toplamağı qarşılarına məqsəd qoyublarsa, qrupun yeganə Avropa təmsilçisi dua etməlidir ki, Kot-d’İvuar futbolçuları Şimali Koreyanı 8 top fərqi ilə və ya daha böyük hesabla məğlub etməsinlər. Bu halda ikinci yer Droqbanın komandasına qismət olacaq.
 
Kot-d’İvuar – komanda KXDR yığmasına ən azı 8 top fərqi ilə qalib gəlməli və ümid etməlidir ki, Braziliya millisi Portuqaliyanı məğlub edəcək. Başqa heç bir variantda Fid Dişi Sahili 1/8 finalı görməyəcək.
 
Şimali Koreya – bütün pley-off şanslarını itirib.