22 iyun 2010 15:53

«Çelsi» Anelkadan susmağı tələb edib

İngiltərənin «Çelsi» futbol klubunun rəhbərliyi futbolçu Nikola Anelkadan tələb edib ki, bir müddət sussun və müsahibələr verməsin. Bunu məşhur hücumçunun qardaşı Klod deyib. Klodun sözlərinə görə, futbolçunun nümayəndələri onun Fransa millisindən kənarlaşdırılması məsələsində ədaləti bərpa etmək fikrindədirlər. Lakin onlar yalnız Fransa komandası dünya çempionatındakı çıxışını başa vurduqdan sonra hərəkətə keçəcəklər.
 
azerisport.az xəbər verir ki, Klod Anelka qardaşı ilə bağlı deyib: «Klub ona tapşırıb ki, hələlik heç nə danışmasın. Mundialın sonunu gözləmək daha düzgündür. Biz şərh verməkdən boyun qaçırmışıq ki, vəziyyət daha da pisləşməsin. Bu, hamı üçün, eyni zamanda Fransa yığması üçün də yaxşı olar. Qardaşım sakit və xoş insandır. Baş verənlər barədə isə sonradan keçirəcəyi mətbuat konfransında mütləq danışacaq».