22 iyun 2010 15:29

Dünya çempionatında çıxış edən 17 futbolçu əvvəllər başqa ölkələrin millilərində oynayıblar (tam siyahı)

2010-cu ilin futbol üzrə dünya çempionatında ən nəzərə çarpan amil bir vaxtlar başqa ölkələrin gənclərdən ibarət yığma komandalarında çıxış etmiş futbolçuların bolluğudur.
 
azerisport.az bu oyunçuların tam siyahısını diqqətinizə çatdırır:
 
Həsən Yebda (Əlcəzair)
 
Fransanın kiçik yaşlı futbolçulardan ibarət müxtəlif yığma komandalarının heyətində 56 oyun keçirib. 2001-ci ildə yeniyetmlərdən ibarət Fransa millisinin tərkibində dünya çempionu adını qazanıb. Həmin heyətdən heç kim sonradan Fransanın əsas millisinə çağırılmayıb. Hələ bu azmış kimi, çempion komandanın üzvləri dünyanın müxtəlif ölkələrinin əsas yığma komandalarına dağılıblar – Fati Seneqalda, Fae Kot-d’İvuarda, Ben Saada Tunisdə, Meqni və Yebda isə Əlcəzairdə oynamağa başlayıb.
 
Karl Mecani (Əlcəzair)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 52 oyunda meydançaya çıxıb. 2002-ci ildə bu komandanın heyətində Avropa çempionu adını qazanıb. İki dəfə Fransa komandasını kapitan kimi Tulonda ənənəvi olaraq keçirilən beynəlxalq gənclər festivalında oyunlara çıxarıb.
 
Camel Abdun (Əlcəzair)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 25 oyun keçirib. Fransa yığmasının heyətində 2007-ci ildə Tulon festivalında qalib adını qazanıb və almanların qapısına 1 qol vura bilib. Yeri gəlmişkən, həmin Fransa komandası da pərən-pərən olub – Yusuf Mulumbu Konqo DR yığmasına, Kevin Jameyro isə Portuqaliya yığmasına keçib.
 
Antar Yəhya (Əlcəzair)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 3 oyunda meydançaya çıxıb. Hazırda Əlcəzair millisinin kapitanıdır.
 
Rais Mboli (Əlcəzair)
 
Fransa yığmasında 7 oyun keçirib. Parisdə anadan olub.
 
Riad Budebuz (Əlcəzair)
 
Fransanın gənclərdən ibarət heyətində 9 matç.
 
Nadir Belhac (Əlcəzair)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 2 oyunda meydançaya çıxıb.
 
Həbib Belland (Əlcəzair)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 51 oyun keçirib. Sonradan Tunisdən və Əlcəzairdən dəvətlər alıb və sonuncunu seçib.
 
Sebastyen Bassonq (Kamerun)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 2 oyunda meydançaya çıxıb.
 
Aleks Sonq (Kamerun)
 
Fransanın yeniyetmələrdən ibarət yığmasının tərkibində 6 oyunda meydançaya çıxıb.
 
Qaeton Bonq (Kamerun)
 
Fransanın gənclərdən ibarət yığmasının tərkibində 1 oyunda meydançaya çıxıb.
 
Maksim Çupo-Motinq (Kamerun)
 
Almaniyanın gənclərdən ibarət yığmasının tərkibində 11 oyunda meydançaya çıxıb. 2007-ci ildə Almaniyada ən yaxşı yeniyetmə futbolçu adını qazanıb.
 
Neven Subotiç (Serbiya)
 
ABŞ-ın gənclərdən ibarət yığmasının tərkibində 12 oyunda meydançaya çıxıb. ABŞ komandasının heyətində Peruda keçirilən yeniyetmələr arasında dünya çempionatının iştirakçısıdır. Sonradan Almaniyadan. Bosniyadan və Serbiyadan təkliflər alıb və Serbiyanı seçib.
 
Kevin-Prins Boatenq (Qana)
 
Almaniya yığmasının tərkibində 41 oyunda meydançaya çıxıb. Almaniyanın ən istedadlı yeniyetməsi titulunun sahibidir. 2006-cı ildə Qana yığmasında oynamaq təklifini rədd edib. Lakin sonradan Almaniya millisinə çağırılmaq ümidini itirərək Qanada oynamağa razı olub.
 
Kvinsi Ovusu-Abeye (Qana)
 
Hollandiya yığmasının tərkibində 8 matçda meydançaya çıxıb. 5 il bundan əvvəl gənclər arasında dünya çempionatının ulduzu olub. 2007-ci ildə Hollandiyanın əsas yığmasına düşmək şanslarını itirib və Qana millisinə keçib.
 
Uinston Rid (Yeni Zelandiya)
 
Danimarka yığmasının tərkibində 15 oyunda meydançaya çıxıb. Hələ 2010-cu ilin əvvəlində Danimarkanın gənclərdən ibarət yığmasında oynayıb.
 
Gökhan İnler (İsveçrə)
 
Türkiyə yığmasının tərkibində 2 oyunda meydançaya çıxıb. 2006-ci ildə türklərin gənclərdən ibarət yığmasında forma geyib. Sonradan isə İsveçrə millisində oynamağı qərara alıb.