21 iyun 2010 12:55
Nigeriyalı yarımmüdafiəçi öldürülə bilər
Dünya çempionatında sonuncu oyununa çıxacaq və bütün pley-off şanslarını itirmiş Nigeriya millisinin nümayəndəsi Petersayd İdax bildirib ki, komandanın rəhbərliyi Nigeriya hökumətinə yarımmüdafiəçi Sani Kaytanın təhlükəsizliyinin təmin edilməsi üçün müraciət ünvanlayıb.
İş burasındadır ki, Yunanıstana qarşı oyunda Kayta qırmızı vərəqə alıb və komandanın məğlubiyyətində azarkeşlər məhz onu günahkar sayırlar.
azerisport.az bildirir ki. son hadisələrlə bağlı komandanın nümayəndəsi deyib: «Elektron poçt vasitəsilə Kaytanın ünvanına 1000-dən artıq hədə-qorxu məktubu gəlib. Biz buna çox ciddi yanaşırıq və Nigeriya hökumətinə müraciət etmişik ki, futbolçunun təhlükəsizliyi təmin edilsin. Eyni zamanda, FİFA-ya da bu barədə müraciətimiz olub. Kayta gəncdir və futbol meydançasında öz ölkəsinin şərəfini qoruyur. O, baş vermiş hadisədən çox böyük üzüntü keçirir və komanda yoldaşları Kaytanı dəstəkləyirlər».
Buna bənzər hadisə 1994-cü ildə baş vermişdi. O zaman Kolumbiya yığmasının müdafiəçisi Andreas Eskobar ABŞ komandasına qarşı oyunda öz qapısına qol vurduğu üçün vətənində öldürülmüşdü.
Nigeriyanın idman naziri İbrahim Bio hazırda komanda ilə birlikdə Cənubi Afrikadadır və olanlardan xəbərdardır.
