21 iyun 2010 10:15

İtaliya yenə də cəmi 3 xalla 1/8 finala vəsiqə qazana bilər

F qrupunda komandaların son tur öncəsi şansları barədə
 
Paraqvay– Yeni Zelandiya ilə turun son oyununda bu komandanı heç-heçə də qane edir. İtaliyanın qrupda zəif oyununu və slovakları darmadağın etməsinin problemliyini nəzərə alsaq, 5xal paraqvaylılara qrupda 1-ci yeri tutmağa yəqin ki, bəs edəcək.
 
İtaliya– bu komandanın ənənəvi olaraq qrup mərhələsindən çətinliklə də olsa çıxdığını xatırlatmaq istərdik. Bu səbəbdən slovaklarla son oyunda italiyalıların çox da qüvvə sərf etməyərək yenidən 1 xal qazanaraq qrupda ikinci yeri tutacağını demək olar. Lakin qeyd etmək lazımdır ki, bu qrupun ikincisi 1/8 finalda böyük ehtimalla Hollandiya yığması ilə qarşılaşmalıdır. Belə perspektivi nəzərə alan İtaliya millisi Slovakiya komandasına 2 top fərqi ilə qalib gəlməlidir. Bir şərtlə ki, Yeni Zelandiya daha bir sürpriz edərək üçüncü oyunda da uduzmasın.
 
Yeni Zelandiya– komandanın çıxışını Mundialın ən böyük sürprizi adlandırmaq olar. Lakin Paraqvaya qarşı oyunda zelandiyalıların şansları elə də çox deyil. Qrupdan çıxmaq üçün Okeaniya təmsilçisi ya qələbə qazanmalı, ya da heç–heçə edərək digər oyunun nəticəsini gözləməlidir. Nəzərinizə çatdıraq ki. bu qrupda son oyunlar eyni hesabla heç-heçə bitərsə, İtaliya ilə Yeni Zelandiyanın göstəriciləri büsbütün eyni olacaq və qaydalara görə, qrupun ikincisini müəyyən etmək üçün püşk atılmalıdır.
 
Slovakiya – pley-off mərhələsinə çıxmaq üçün bu komandaya İtaliya ilə oyunda yalnız qələbə lazımdır. İstənilən digər hesab slovaklar üçün çempionatın sonu demək olacaq.