21 iyun 2010 13:34
Fransa yığmasının üzvləri məşqə çıxmaqdan imtina edirlər
Dünya çempionatında çıxış edən Fransa milli komandasının futbolçuları məşqə çıxmaqdan imtina edirlər. Səbəb isə onların komanda yoldaşı Nikola Anelkanın yığmadan xaric edilməsidir.
azerisport.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı Fransa Futbol Federasiyası xüsusi bəyanatla çıxış edib. Həmin bəyanatda deyilir: «Fransa Futbol Federasiyası və onun prezidenti Jan-Pyer Eskalett futbolçuların məşqə çıxmamaq qərarını həyəcanla qarşılayıb. Hesab edirik ki, belə hərəkətlər yolverilməzdir. Nikola Anelkanın komandadan uzaqlaşdırılması ilə əlaqədar futbolçuların kollektiv şəkildə yazdıqları etiraz ərizəsinə cavab olaraq bildiririk ki, oyunçunun komandadan xaric edilməsi ilə bağlı qərar komandanın kapitanı Patris Evranın iştirakı ilə Anelkanın özü ilə aparılmış söhbətdən sonra verilib. Fransa Futbol Federasiyası milli komandanın oyunçularının davranışına görə Fransa vətəndaşlarından üzr istəyir».
