20 iyun 2010 01:50
D qrupu: komandaların pley-off şansları
Bu qrupdakı bütün komandalar son turda yalnız qələbə üçün oynamalıdırlar
Qana– Almaniyaya qarşı oyunda qələbə komandanı 1-ci yerdən 1/8 finala aparacaq. Heç-heçə olarsa, afrikalılar ən pis halda 2-ci yeri tutaraq yenə də mübarizəni davam etdirə biləcəklər. Uduzduğu halda belə, Qana nəyəsə ümid edə bilər – əgər Almaniya 1:0 hesabı ilə qalib gələrsə və Serbiya – Avstraliya oyunu 0:0 bitərsə, 2-ci yer afrikalıların olacaq. Digər hesablı məğlubiyyət halında qanalılar Avstraliyanın qələbəsinə ümid etməlidirlər.
Almaniya– Qələbə almanları birbaşa 1/8 finalın iştirakçısı edir. Heç-heçə olarsa, serblərin avstraliyalılara qalib gəlməməsinə ümid etmək qalır. Məğlubiyyət Almaniya üçün dünya çempionatının sonu deməkdir.
Serbiya– Qələbə tam arxayınlıqla serbləri pley-offa çıxarır. Avstraliyalılarla heç-heçə olarsa, ya Qananın qələbəsinə, ya da almanların qanalılara ən azı 2 top fərqi ilə qələbəsinə ümid etmək lazım gələcək. Uduzmaq olmaz.
Avstraliya– Pley-off mərhələsinə çıxmaq üçün yalnız qalib gəlmək və Almaniya – Qana oyununun heç-heçə qurtarmamasına dua etmək lazımdır.
