19 iyun 2010 16:16

C qrupunda hamının pley-off şansı qalmaqdadır

Futbol üzrə dünya çempionatının C qrupunda vəziyyət əvvəlki iki qrupa nisbətən daha qarışıqdır. Son turdan əvvəl qrupun bütün komandalarının şanslarını nəzərdən keçirək.
 
Sloveniya – pley-off mərhələsinə yüksəlmək üçün komandaya İngiltərəyə qarşı oyunda heç-heçə kifayətdir. İlk yeri tutmaq üçünsə qalib gəlmək lazımdır. Lakin qonşu D qrupundakı vəziyyət elədir ki, C qrupunda ilk yeri tutan komanda 1/8 finalda daha çətin rəqiblə (Almaniya ilə) üz-üzə qala bilər. Sloveniya komandası qrupdakı son oyununu uzudsa da növbəti mərhələyə ümid bəsləyə bilər. Bunun üçün ABŞ – Əlcəzair oyunu ya heç-heçə qurtarmalı, ya da afrikalılar 1 top fərqi ilə qalib gəlməlidirlər.
 
ABŞ – bu komanda son oyunda ya heç-heçə edərək Sloveniyanın qələbəsinə, ya da kiçik hesablı heç-heçəsinə ümid etməli, yaxud da yalnız qələbə üçün oynamalıdır.
 
İngiltərə – Sloveniya ilə oyunda ingilisləri yalnız qələbə qane edir. Heç-heçə ilə də pley-offa düşmək olar. Amma bunun üçün heç-heçəni mümkün qədər böyük hesabla (3:3, 4:4) etmək və ABŞ – Əlcəzair oyununda kiçik hesablı (0:0, 1:1) heç-heçəyə ümid bağlamaq lazımdır.
 
Əlcəzair – pley-off mərhələsinə çıxmaq üçün afrikalılar ancaq qələbə qazanmalıdırlar. Başqa bütün variantlar onların xeyrinə deyil.