18 iyun 2010 12:31
KXDR komandasının 4 oyunçusu yoxa çıxıb!
Braziliya komandasına qarşı oyun günü Şimali Koreya komandasının 4 oyunçusu yoxa çıxıb və onlar haqqında hələ də heç bir məlumat yoxdur.
Güman edildiyinə görə, An Çxol-Xök, Kim Mön-Von, Kim Kön-İl və Pak Sun-Xök Cənubi Afrikadan və ya digər Afrika ölkəsindən siyasi sığınacaq istəyiblər.
azerisport.az xəbər verir ki, adı çəkilən «itkin» futbolçular Braziliya ilə oyun üçün komandanın oyunçularının siyahısına da daxil edilməmişdilər. KXDR nümayəndə heyəti baş verənləri şərh etməkdən boyun qaçırır. Oyunçular haqda FİFA-da da heç bir məlumat yoxdur. Komandadan ayrılmış oyunçuların hamısı KXDR çempionatında çıxış edirlər. Kim Mön-Von yığmanın üçüncü qapıçısıdır.
İdman tarixində belə hadisələr o qədər də nadir hallarda baş vermir. Məsələn, 2002-ci ildə beysbol üzrə Kuba yığmasının üzvü Xose Kontreras Amerikaya səfər zamanı oteldən çıxıb və bir daha qayıtmayıb. Bir müddət sonra isə Amerikanın beysbol komandalarında forma geyməyə başlayıb.
SSRİ dövründə də «qaçqın» idmançı problemi mövcud olub. 1976-cı ildə Monrealdakı Olimpiya Oyunlarında sovet idmançısı, 17 yaşlı Aleksandr Nemtsanov siyasi sığınacaq istəyib. Deyilənlərə görə, o, Kanadada çox varlı bir amerikalı qadına vurulub və həmin qadın idmançının «qaçışını» təşkil edib.
1979-cu ilin sentyabr ayının 22-də İsveçrəyə nümunəvi çıxışlar üçün yollanmış Leninqrad buz baletinin idmançıları – Lüdmila Belousova və Oleq Protopopov Vətənə qayıtmamışdılar. Fiqurlu konkisürmə üzrə iki dəfə olimpiya çempionları və beş dəfə SSRİ çempionları İsveçrədə qalıb yaşamağı seçmişdilər.
1989-cü ilin may ayının 9-da sovet hokkeyçisi, məşhur Aleksandr Mogilnı ABŞ-dan siyasi sığınacaq istəmişdi.
O ki qaldı futbolçulara, 2007-ci ildə İraq yığma komandasının 3 futbolçusu və baş məşqçinin köməkçisi Avstraliyada olarkən siyasi sığınacaq ala bilmişdilər.
Futbol üzrə dünya çempionatında çıxış edən Şimali Koreya komandasına aid söhbətə qayıtsaq, baş məşqçi Kim Yonq Xuna mətbuat konfranslarında çıxış etmək qəti qadağan edilib. O ki qaldı komandanın məğlubiyyətlərinə, bunları Koreyada «xəyanət və öz Vətəninə qarşı xoşagəlməz münasibət» kimi qiymətləndirirlər. KXDR rəhbərliyini komandanın kimə uduzması qətiyyən maraqlandırmır. Rəqib Braziliya olsa belə, yalnız və yalnız qələbə qazanmaq lazımdır. Nəzərə alsaq ki, Şimali Koreyada dünya çempionatının televiziya translyasiyaları da qadağan edilib, xalqa komandanın nəticələrinin necə çatdırılması çox böyük maraq doğurur.
