18 iyun 2010 11:49
İki qrupda vəziyyət az-çox aydındır
Futbol üzrə dünya çempionatında A və B qruplarında iki tur oynanılıb və bu qruplarda son oyun günlərindən əvvəl artıq komandaların şansları barədə danışmaq mümkündür.
A qrupu
Hər şey iyunun 22-də oynanılacaq Meksika – Uruqvay oyununun nəticəsindən asılıdır. Bu komandaların məqsədi yalnız pley-off mərhələsinə çıxmaqdırsa, sakitcə heç-heçə edərək hər ikisi adlarını 1/8 final iştirakçılarının sırasına yazdıra bilərlər. Belə olarsa, Fransa – Cənubi Afrika matçının heç bir əhəmiyyəti qalmayacaq.
Lakin məntiqə əsaslansaq, Uruqvay – Meksika matçının heç-heçə bitməsi yalnız Uruqvaya sərf edir. Cənubi amerikalıların qələbəsi və ya heç-heçə onları B qrupunun ikincisinə çıxarır. Böyük ehtimalla bu, ya Cənubi Koreya, ya da Yunanıstan olacaq. A qrupunda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacaq komandaya isə qibtə etmək olmaz – onun rəqibi çox güman ki, Argentina yığması olacaq.
Fransanın şansı varmı? Bəli. Bunun üçün Fransa mümkün qədər böyük hesabla (heç olmasa 3 top fərqi ilə) CAR komandasına qalib gəlməli və Meksikanın Uruqvay üzərində qələbəsinə ümid etməlidir.
Pley-off mərhələsinə çıxmaq üçün hətta CAR komandası da ümid bəsləyə bilər. Lakin bu, daha fantastik və real görünməyən şərtlər daxilində mümkündür – Cənubi afrikalılar fransızları 2-3 top fərqi ilə udmalı, eyni zamanda Uruqvay Meksikanı təxminən eyni fərqli hesabla məğlub etməlidir.
B qrupu
Burada vəziyyət bir qədər sadədir. Qrupda birinci yeri tutaraq pley-off mərhələsinə çıxmaq üçün Argentinaya Yunanıstana qarşı oyunda heç-heçə də kifayətdir.
İkinci yerə ən real namizəd Cənubi Koreya yığmasıdır. Argentina öz oyununu oynayaraq yunanlara uduzmasa, koreyalılara Nigeriya ilə oyunda yalnız heç-heçəyə oynamaq qalır.
Yunanıstanın pley-off mərhələsinə çıxması bir neçə şərtə bağlıdır – ya Argentinaya qalib gəlmək (inandırıcı görünmür), ya da heç-heçə edərək digər oyunda Nigeriyanın qələbəsinə dua etmək lazımdır.
Nə qədər qəribə görünsə də, bir xalı belə olmayan Nigeriya da çox rahat şəkildə 1/8 finala vəsiqə qazana bilər. Bunan üçün sadəcə Cənubi Koreyaya qalib gəlmək və Maradonanın komandasının qələbəsini gözləmək lazımdır.
Maraqlı bir ehtimal da var – əgər Yunanıstan Argentina yığmasına qalib gələrsə (2-3 top fərqi ilə) və Cənubi Koreya Nigeriyanı4 top fərqi ilə məğlub edərsə, Argentina qrup mərhələsindən çıxmaya da bilər.
Hər şey iyunun 22-də dəqiq məlum olacaq.
