16 iyun 2010 12:28
Maşallah ƏHMƏDOV: «Azərbaycan futbolçuları qələbə üçün oynamalıdırlar, pul üçün yox»
Azərbaycan futbolunun veteranı Maşallah Əhmədov azerisport.az saytına müsahibəsində dünya çempionatının ilk oyunlarından, italiyalıların heç-heçəsindən və braziliyalıların qələbəsindən danışır, Fransa komandasının qrupdan çıxmayacağını deyir.
Dünya çempionatının ilk oyunları barədə nə deyə bilərsiniz?
Qruplardakı ilk oyunlar göstərdi ki, komandalar hələlik risk etmək istəmirlər. Mən artıq bir neçə favoriti iş başında görmüşəm və buna əsaslanaraq bu cür mühakimə yürüdürəm. Yeri gəlmişkən, argentinalılar yaxşı futbol göstərdilər və əgər nigeriyalıların qapıçısı bu cür oynamasaydı, daha çox top vura bilərdilər.
Fransanın ilk oyundakı heç-heçəsinə münasibətiniz necədir?
Mənə belə gəlir ki, Domenek komandanı psixoloji cəhətdən hazırlaya bilməyib. Onlar pley-off mərhələsinə çıxa bilməsələr, təəccüblənmərəm. Sanki heç bir taktika olmadan oynayırlar. Ola bilsin ki, komandada problemlər var, axı bu yaxınlarda deyirdilər ki, kapitan sarğısı üzündən bu millidə nəsə anlaşılmazlıq baş verib.
İngiltərə necə təsir bağışlayır?
Hamı deyir ki, ingilislərin qapıçısı səhv edib, amma heç kim danışmır ki, tərifli hücumçular bir qoldan artıq vura bilmədilər. Yəqin ki, onlar hələ lazımi formanı yığa bilməyiblər. Ola bilsin ki, yığana qədər artıq gec olsun.
Hahırkı dünya çempionları – italiyalılar – Paraqvaya qarşı oyunda heç-heçə ilə Mündiala start verdilər. Buna necə baxırsınız?
Onlar yarımfinala qədər gedib çıxacaqlar, amma bundan sonra onları görə bilmirəm. Heyətlərində Messi və ya Vilya kimi oyunçu olsaydı, nəyəsə ümid edə bilərdilər. Lakin italiyalılar məhz komanda kimi həmişə güclü olublar. Buna görə də, Paraqvayla heç-heçə hələ yolun başlanğıcıdır. Bu sözləri Braziliyaya da aid etmək olar. Koreyalılara çətinliklə qalib gəlsələr də, hiss olunurdu ki, var qüvvələri ilə oynamırlar.
İspaniyalılar bu gün ilk oyunlarına çıxacaqlar.
Onların heyəti sadəcə olaraq möhtəşəmdir, qalır bircə oynamaq. Komanda yaxşı hazırlaşıb. Düşünürəm ki, yarımfinala qədər irəliləmək gücündədirlər. Ondan sonra isə hər şey psixologiyadan və vurulan toplardan asılı olacaq.
Almanlar çox parlaq şəkildə Avstraliyaya qalib gəldilər. Onları favorit hesab edirsinizmi?
Yadıma 1996-cı ilin Almaniya yığması düşür. O zaman onların baş məşqçisi Berti Foqts idi və heyət başdan ayağa ulduzlardan ibarət idi. İndi isə almanlar daha çox kollektiv oyuna üstünlük verirlər. Lakin düşünürəm ki, onların şansları elə də böyük deyil.
Necə hesab edirsiniz, Berti Foqtsla komandamız iri turnirlərin final mərhələsinə çıxmaq üçün mübarizə apara bilər?
Bu barədə fikirləşmək üçün hələ tezdir. Futbolda qələbə üçün oynamaq lazımdır, bizim bəzi futbolçular kimi pul üçün yox. Buna görə də, hələlik Azərbaycan yığması dünya və Avropa çempionatlarından uzaqdır.
