16 iyun 2010 10:39
İTV-nin şərhçisi bilet satdığına görə işdən qovulub
İTV teleşirkəti dünya çempionatının oyunlarını şərh edən Yamayka milli futbol komandasının keçmiş futbolçusu Robbi Erli işdən azad edib. Belə ki, şərhçiyə təqdim olunmuş biletlərin üçüncü şəxslərə ötürüldüyü aşkar olunub.
azerisport.az bildirir ki, sözügedən biletlər Hollandiya komandasının qadın azarkeşlərindən tapılıb və onlar elə oyun zamanı stadiondan xaric ediliblər. FİFA-dan verilən məlumata görə, biletlərin böyük hissəsi Hollandiya – Danimarka matçı zamanı bir şirkətin gizli reklamından ötrü istifadə olunub. Təxminən 36 qadın oyun vaxtı eyni narıncı mini-paltarlar geyərək çempionatın rəsmi sponsoru olmayan bir pivə markasını reklam ediblər. Güman edildiyinə görə, bu qadınlar xüsusi olaraq seçilmiş modellərdir.
Daha sonra aşkar edilib ki, biletlərin bir hissəsi həmin qadınlara məhz televiziya şərhçisi vasitəsilə ötürülüb. Teleşirkət dərhal futbolçu ilə bağlanmış müqaviləyə xitam verib və onu işdən azad edib. Lakin keçmiş futbolçuya yaxın mənbələrin bildirdiyinə görə, onu dostları pis vəziyyətdə qoyub. Belə ki, Erl biletlərin üçüncü şəxslərə ötürülməsindən xəbərsiz imiş.
