14 iyun 2010 19:44
«Lider»lik eləmək asandırmı?
Artıq bir neçə gündür ki, futbol üzrədünya çempionatı start götürüb və Cənubi Afrikaya getmək imkanı olmayan milyonlar televiziya tamaşaçısı kimi oyunları izləməkdədirlər. Bu yazını yazdığım dəqiqələrdə növbəti oyun davam edir. Televiziyada…
Çempionatın başlanmasına 2 gün qalmış xəbər tutduq ki, kabel televiziyalarında nümayiş olunan xarici kanallarda futbola baxmaq imkanımız olmayacaq. Çox əcəb… Bəs nəyə baxmalıyıq? Cavab hazır idi – «Lider» telekanalına. Çünki kanal, onun əməkdaşlarının hər imkan düşəndə dedikləri kimi, külli miqdarda pul xərcləyərək Azərbaycan ərazisində futbol üzrə dünya çempionatının eksklüziv yayım hüququnu alıb və imkan verməz ki, azarkeşlər başqa kanallarda futbola baxıb yayımçının reklam haqqına bais osunlar.
Bir söz demirəm. Bəlkə də belə olmalıdır. Halbuki, kabel televiziyasının tamaşaçıları «Lider»in potensial tamaşaçılarına say etibarilə çox uduzurlar. Azı ona görə ki, «Lider» bütün ölkəyə yayımlanır, kabel televiziyaları isə heç paytaxtın da bütün ərazisini əhatə eləmir.
Maraqlı olan başqa şeydir. Tamaşaçıların əksəriyyəti yerli futbol şərhçilərinin peşəkar səviyyəsindən narazıdır desəm, yəqin ki, Amerika kəşf etmərəm. Bu, hər halda belədir. Bizim şərhçilərin peşəkar səviyyəsindən yalnız öz dilimizdən başqa heç bir əcnəbi dili bilməyən vətəndaşlarımız razı qala bilər. Seçim olmadığına görə. Bunu qoyuram bir kənara. Bu, bəlkə də zamanla düzələn bir nəsnədir, amma müstəqilliyimizin 20-ci ilində həmin sahədə artıq nəsə əldə edə bilərdik.
Ən əcaib olan odur ki, translyasiya hüququnun alınmasına «külli miqdarda» vəsait xərcləmiş kanalın çempionatın davam etdiyi Cənubi Afrika Respublikasında bir nümayəndəsi də yoxdur. Sadəcə olaraq. görüntü peyk vasitəsilə alınır və studiyadan şərh verilir. Elə hamının gördüyü televiziya təsvirinə. Sonra da studiyaya bir qonaq dəvət olunur və hamının onsuz da gördükləri bir daha «peşəkar səviyyədə» müzakirə edilir. Stolun üstünə isə davam edən Mundiala heç bir dəxli olmayan top (çempionatın rəsmi topunun Çində istehsal olunmuş nümunələri az qala hər metro stansiyasında satılır) və hardansa tapılıb gətirilmiş vuvuzela qoyulub. Dekorasiya hazırdır…
Mən oyunları «Lider» kanalında izləmirəm. Çünki azacıq istəyi olan adam normal peyk qəbuledicisi ilə sadə bir kodu açmaqla TRT-1-də oyunları izləyə bilər. Bir az da həvəs olsa, internetin və həmin peyk anteninin köməyi ilə Rusiya kanallarına da baxmaq mümkündür.
Maraqlısı odur ki, kabel televiziyaları yarananda hamı ümid edirdi ki, camaatın peyk antenlərindən canı birdəfəlik qurtaracaq. Bu, həm paytaxtın gözəlliyini artıracaq, həm də insanların həyatını yüngülləşdirəcək. İndi isə belə çıxır ki, yenidən peyk antenləri almaq, eyvanları«bəzəmək» və yerli kanallardan beləcə can qurtarmaq lazımdır…
HBİ
