7 iyun 2010 15:28

Droqba komandasına qoşulmağa hazırdır

Kot-d’İvuar milli futbol komandasının lideri Didye Droqba şənbə günü dirsək sümüyündə əməliyyat keçirib və artıq bu gün dünya çempionatına hazırlaşan yığma komandasına qoşulmalıdır. Kot-d’İvuar Futbol Federasiyasından verilən açıqlamaya görə, «Çelsi»ninhücumçusunun Mundialda oynayıb-oynamayacağı hələ sual altındadır. Lakin afrikalılar nikbinliklərini gizlətmirlər.
 
azerisport.az bildirir ki, komandanın press-attaşesi Rocer Kuassinin sözlərinə əsasən, Droqbanın bərpa prosesi ümidverici sürətlə davam edir: «Hazırda ümid etməyə əsasımız var ki, «Fillər»in kapitanı qısa müddətdə komandaya qayıdacaq».
 
Xatırladaq ki, Droqba ötən həftənin cümə günü Yaponiya millisi ilə keçirilmiş yoldaşlıq oyununda (2:0) zədələnmişdi və ertəsi gün Bern şəhərində əməliyyata götürülmüşdü. Əvvəlcə oyunçu çox bədbin idi və əmin idi ki, çempionatı buraxmalı olacaq. Lakin indi o, daha ümidlidir.
 
Kot-d’İvuar komandası Mundialda ilk oyununu iyunun 15-i Portuqaliya yığmasına qarşı keçirəcək. Hazırda isə afrikalılar İsveçrədə təlim-məşq toplanışındadırlar.