6 iyun 2010 15:20

Miss «Dünya çempionatı-2010» müəyyənləşdirilib (FOTO)

Almaniyalı 17 yaşlı məktəbli Cennifer Şerman “Futbol üzrə dünya çempionatı-2010 gözəli” seçilib. “Mən fəxr edirəm ki, dünya çempionatının siması seçilmişəm”, - Şerman belə deyib.
 
Müsabiqə Almaniyanın ən iri əyləncə parkının yerləşdiyi Rust şəhərində keçirilib. Futbol üzrə dünya çempionatının gözəli adı uğrunda bir çox ölkədən 1000-dən artıq qız yarışıb. Rustda keçirilmiş finala yaşı 17 ilə 36 arasında olan 32 iştirakçı buraxılıb. Finalda isə qəhvəyi rəngdə gözləri olan 17 yaşlı məktəbli Cennifer Şerman qalib gəlib.
 
Dünya gözəlinin seçimində münsiflər heyətinə keçmiş FİFA referisi Valter Eşvayler, Almaniya milli komandasının keçmiş futbolçusu Pyer Littbarski, futbolçu Ştefan Effenberqin həyat yoldaşı Klaudia və məşhur teleaparıcı Pyer Qaystenzetter daxil olublar.
 
Müsabiqənin qalibi uğur qazandıqdan sonra bildirib ki, həm Almaniya, həm də Argentina yığmalarına azarkeşlik edir, çünki atası argentinalıdır. Lakin builki dünya çempionatında Maradonanın yetirmələrinin azarkeşi olacaq.
 
“Çempionatın kraliçası” tacı ilə birlikdə alman məktəbli həm də 5 min avroluq çek və Misirə səfər qazanıb.