5 iyun 2010 17:03
Lider telekanalının futbol həvəskarlarına yazığı gələcəkmi?
Futbol üzrə dünya çempionatının startına sayılı günlər qalıb. Amma iyunun 11-i saat 19:00-da televizorları qarşısına əyləşənlərin hansı hissləri keçirəcəyi hələ ki məlum deyil
Lap az qalıb… Cəmi 6 gündən sonra hamının gözləri Cənubi Afrika Respublikasının yaşıl meydanlarına dikiləcək. Dünyanın ən güclü futbolçuları növbəti çempionluq uğrunda yarışa qatılacaqlar. Cənubi Afrikaya yollanaraq oyunları canlı izləmək imkanı olanların, imkanı olub oyunlara bilet tapanların sayı o qədər də çox deyil. Futbol həvəskarlarının böyük əksəriyyəti çempionatın oyunlarını televiziya vasitəsilə izləyəcək.
İstər-istəməz yada 2002-ci ilin bu günləri düşür. Hamı evinə tez-tələsik gəlib televizorlarının qarşısında futbol üzrə dünya çempionatının ilk oyununun başlayacağını gözləyirdi. Amma… Oyunları göstərəcək TRT1-in əvəzinə nədənsə TRT-4 göstərirdi. Rusiya kanalları isə futbol əvəzinə kino göstərirdilər. Həmin axşam Azərbaycanın bütün futbol ictimaiyyəti yalnız bir sual ətrafında düşünürdü: görəsən nə baş verib? Baş verənlərin isə sadədən də sadə cavabı var idi – Azərbaycanın heç bir telekanalı dünya çempionatının yayım hüquqlarını almaq barədə düşünməmişdi, xarici telekanallar isə bu oyunları yalnız öz ölkələrinin ərazisinə yayımlamaq hüququna malik idilər. O zaman yerli telekanallar vəziyyətdən tragikomik tərzdə çıxmağı bacarmışdılar – kimisi futbolu «PlayStation» oyununun səs effektlərinin müşayiəti ilə göstərir, kimisi də görüntünün kənarlarını kəsərək futbolu bizə sanki lupa ilə göstərirdi. Məzəli anlar olurdu – məsələn, top meydanın mərkəzində olanda birdən-birə «qol!!!» sədaları eşidilirdi, top qapıdan keçəndə isə hamı «susurdu». Amma Fikrət Adıgözəllinin şərhi ilə davam edən matçın gedişində ekranlarda «Kommentator: A.Andronov» yazısının görünməsinin öz yeri var idi:)
2006-cı ildə vəziyyət normallaşdı. «Lider» telekanalı hamının imdadına yetişərək yayım hüquqlarını aldı və azərbaycanlı futbol həvəskarları «adam kimi» Mundiala baxmaq imkanı qazandılar. Şərhlərin keyfiyyətinə o vaxt fikir verən az idi – əsas o idi ki, baxa və görə bilirdik.
Ötən 4 il ərzində çox şey dəyişib. Kabel televiziyaları meydana gəlib. Hamı istədiyi oyuna istədiyi dildə, istədiyi kanalda baxır. Lap «ağ adamlar» kimi. Amma dünya çempionatının başqa, özünəməxsus sərt qanunları var. Hər ölkədə yalnız bir yayımçı oyunları həmin ölkənin vətəndaşlarına göstərə bilər. Və… əsl problem də burda başlayır.
Hamı gələn həftə üçün televiziya proqramlarında Türkiyənin TRT1, Rusiyanın «Pervıy kanal» və «Rossiya» kanallarında futbolun yayımlanacağını bilir. Bilirvə gözləyir. Çünki rus və türk dillərinə bələd olanların yerli kanallarda futbola baxmaları nadir hadisələrdəndir. Səbəb isə köhnədir – şərhçilərimiz qonşu ölkələrdəki həmkarlarına hələ uduzurlar. Ən azı şərhin keyfiyyətində və analiz bacarığında.
Amma qanunlara görə, Azərbaycanda yalnız «Lider» telekanalı dünya çempionatının oyunlarını yayımlaya bilər. Elə həmin qanuna görə, kabel televiziyaları oyun saatlarında oyunları nümayiş etdirən xarici kanalların yayımını dayandırmalıdırlar. Məsələn, qonşu Gürcüstanda bu, çoxdan belədir və hamı bu halı artıq normal sayır.
Amma bizdə bir az başqa cürdür. Elə həmin İspaniya, İngiltərə və İtaliya çempionatının oyunlarının da ölkəmizdə eksklüziv yayımçıları mövcuddur. Amma bu oyunları xarici telekanallarda da izləyə bilirik. Nədənsə, yerli yayımçı buna qətiyyən etirazını bildirmir. Və bu, futbol həvəskarlarının ürəyincədir – onların real seçim imkanları var.
Ümid edirik ki, gələn həftə və bir ay boyunca «Lider» telekanalı azarkeşləri bu seçim imkanından məhrum etmək fikrinə düşməyəcək. Çünki telekanalın rəhbərliyinin kabel televiziyalarına müraciəti kifayətdir ki, qanunun sərt maşını işə düşsün. Amma kabel televiziyası olmayanlar da kifayət qədərdir və bu telekanalın da tamaşaçıları az olmayacaq. Hər halda hələ ki ümid edirik…
