28 may 2010 17:00

32 namizəd. №14. Meksika

Dosye
 
Meksika Futbol Federasiyası 1927-ci ildə yaradılıb. 1929-cu ildən FİFA-nın üzvüdür.
Meksika yığması 8 dəfə KONKAKAF, bir dəfə isə Konfederasiyalar kubokunun qalibi olub. DÇ-nin final turnirlərində 13 dəfə iştirak edib: ən yaxşı nəticəsi 1/4 finala vəsiqədir.
 
Baş məşqçi: Xavyer Agirre
Ən çox oyun keçirən futbolçu: Klaudio Suares – 178 oyun
Ən yaxşı bombardir: Xared Borgetti – 46 qol
 
Azerisport.az DÇ-2010-un iştirakçılarının təqdimatını davam etdirir. Bu gün Meksika yığması ilə Şimali və Mərkəzi Amerika qitəsinə yekun vururuq.
 
KONKAKAF-ı DÇ-də “təmsil edəcək” Meksikanı ənənəvi olaraq, ABŞ və üçüncü ölkədən (indiki halda, bu Hondurasdır, amma müxtəlif illərdə Yamayka, Trinidad və Tobaqo, Kosta Rika, Haiti və s. də olub) daha güclü və rəqabətədavamlı hesab edirlər. Doğrudan da, xüsusilə 80-90-cı illərdə yetişən istedadlı futbol nəsli Meksikanı zirvələrə çıxarmağa qadir idi. Əgər göstərici kimi KONKAKAF kuboku götürsək, “asteklər”in bu uğurlara nail olduğunu deyə bilərik. Amma məsələ ondadır ki, Şimali və Mərkəzi Amerika qitəsində Meksikanın faktiki olaraq, bir az-çox güclü rəqibi var. ABŞ-ın da futbolda hansı uğurları qazandığından hamımızın xəbərimiz var.
 
Buna görə də məhz DÇ-lə güzgü rolunu oynamalıdır və etiraf edək ki, burada vəziyyət ürəkaçan deyil. “Asteklər” yalnız evdə keçirilən iki mundialda – DÇ-70 və DÇ-86-da 1/4 finala vəsiqə qazana biliblər. Son 3 yarışda isə Meksika mübarizəni bir qayda olaraq, 1/8 finalda dayandırıb. 1998-ci ildə onların qarşısını Almaniya, 2002-ci ildə ABŞ, 2006-cı ildə isə Argentina alıb.
 
Meksikanın budəfəki heyətinin son üç turnirdəkindən güclü olduğunu demək günahdır. Ümumi səviyyə bərabərdir, amma məsələni təkbaşına həlledə biləcək ulduzların sayına görə, hazırki yığma əvvəlkilərdən geri qalır. Xavyer Agirrenin ixtiyarında Rafael Markes və 38 yaşlı Kuatemok Blanko var. Artıq yığmada nə Xared Borgetti, nə Alberto Qarsiya Aspe, nə də Luis Ernandes forma geymirlər.
 
Bununla belə, Agirrenin diktator-məşqçi olduğunu nəzərə alsaq, ona məhz bu cür komandaların uyğun gəldiyini görərik. Bu mütəxəssis bəlkə də Meksika tarixində ən yaxşı məşqçidir və Uqo Sançes, Sven-Yoran Eriksson kimi avantüralardan sonra federasiyanın seçimini məhz Avropada da ad çıxarmış Agirrenin üstündə saxlaması təsadüfi deyil. Tekilla və sambreronun vətənində Agirre və onun intizamlı komandasına çox güvənilər. Və heç olmasa, 1/4 finala vəsiqə gözləyirlər. Amma etiraf edək ki, komandanın qrupu kifayət qədər çətindir: favorit Fransa, meydan sahibi CAR və bu iki kollektivdən heç nə ilə geri qalmayan Uruqvay.
 
Qapıçılar:Oskar Peres (Çiapas), Gilyerme Oçoa (Amerika), Luis Ernesto Mixel (Qvadalaxara).
 
Müdafiəçilər: Rafael Markes (Barselona, İspaniya), Rikardo Osorio (Ştutqart, Almaniya), Fransisko Rodriges, Karlos Salsido (PSV, Hollandiya), Ektor Moreno (Alkmaar, Hollandiya), Pol Agilar (Paçuka), Efrain Xuares (Puma), Conni Maqalyon (Qvadalaxara), Xuan Karlos Valensuela (Amerika), Xorxe Torres Nilyo (Atlas), Adrian Adrete (Morelia).
 
Yarımmüdafiəçilər: Andres Quardado (Deportivo, İspaniya), Conatan dos Santos (Barselona, İspaniya), Xerardo Torrado (Krus Azul), İsrael Kastro (Puma), Covanni dos Santos (Qalatasaray, Türkiyə).
 
Hücumçular:Pablo Barrera (Puma), Adolfo Bautista, Alberto Medina (hər ikisi Qvadalaxara), Kuatemok Blanko (Velakrus), Karlos Vela (Arsenal, İngiltərə), Xavyer Ernandes (Mançester Yunayted, İngiltərə), Qilyerme Franko (Vest Hem, İngiltərə).