25 may 2010 14:45

32 namizəd. №12. Çili

Dosye
 
Çili Futbol Federasiyası 1895-ci ildə yaradılıb. 1913-cü ildən FİFA-nın üzvüdür.
Çili yığması 4 dəfə Cənubi Amerika kubokunun finalına çıxıb. DÇ-nin final turnirlərində yeddi dəfə iştirak edib: DÇ-62-də bürünc medal qazanıb.
 
Baş məşqçi: Marselo Byelsa (Argentina)
Ən çox oyun keçirən futbolçu: Leonel Sançes – 84 oyun
Ən yaxşı bombardir: Marselo Salas – 37 qol
 
Azerisport.az DÇ-nin iştirakçılarının təqdimatını davam etdirir. BU dəfə Cənubi Amerikaya yollanırıq, Çiliyə.
 
Dünyanın ən ensiz ölkəsinin futbolçuları “ensiz“ futbol oynamırlar. Bu komanda ulduzlarla dolu deyil, amma yığmanın baş məşqçisi Marselo Byelsa Çilidə çalışdığı iki il ərzində öz futbol fəlsəfəsini oyunçulara aşılaya bilib. Argentinanın ən tanınmış məşqçilərindən sayılan Byelsadan Çilidə çox şey gözləyirlər, Byelsa da öz növbəsində komandasından çox şey gözləyir.
 
Çili yığmasında ulduz yoxdu. Bu ölkədə indi də İvan Samorano və Marselo Salası axtarırlar, onların çıxış etdiyi vaxtları nostalji hissləri ilə xatırlayırlar. Nəinki dünya, heç öz qitəsində də heç vaxt dəb müəyyənləşdirən komanda olmayan Çilinin ulduzu tarixdə iki dəfə parlayıb. Birinci dəfə DÇ-62-də (yeri gəlmişkən, həmin turnir Çilidə keçirilib), ikinci dəfə isə 90-cı illərdə, konkret olaraq, DÇ-98-də. Məhz onda Marselo Salas inamlı oyunu ilə Çilini 1/8 finala çıxarmışdı.
 
İndi Salas yoxdu, amma Byelsanın heyətində möhkəm kollektiv var. Ulduzların sayı da azdı, amma xatırlayın, DÇ-98 ərəfəsində Salas soyadı kimə məlum idi? Tutaq ki, Esteban Paredes adlı futbolçunun CAR-dakı mundialdan sonra ulduz olmayacağına kim zəmanət verə bilər?
 
Turnir vəzifələrinə gəlincə, Byelsanın qarşısına qəti və konkret məqsəd qoyulub: azı 1/8 finala vəsiqə. İspaniya, İsveçrə və Hondurasın arasından bu vəzifəyə elə də çətin hesab olunmur. Əsas mübarizə məhz İsveçrə ilə gedəcək ki, burada da sonda Otmar Hitsfeld – Marselo Byelsa mübarizəsinin qalibi güləcək.
 
Qapıçılar: Klaudio Bravo (Real Sosyedad, İspaniya), Migel Pinto (Universidad de Çili) , Luis Marin (Union Espanyola).
 
Müdafiəçilər: Valdo Ponse (Universidad Katolika), Qonsala Xara (Vest Bromviç, İngiltərə), Qari Medel (Boka Xuniors, Argentina), Maurisio İsla (Udineze, İtaliya), Pablo Kontreras (PAOK, Yunanıstan), İsmael Fuentes (Universidad Katolika).
 
Yarımmüdafiəçilər: Marko Estrada, Manuel İturra (hər ikisi Universidad de Çili), Roberto Sereseda, Rodriqo Millar, Xose Fuenzalida (hamısı Kolo-Kolo), Artur Vidal (Bayer Leverkuzen, Almaniya), Karlos Karmona (Reccina, İtaliya), Xorxe Valdiviya (Əl-Əyn, Qətər), Mattias Fernandes (Sportinq, Portuqaliya), Jan Bosejur (Amerika, Meksika), Pedro Morales (Dinamo Zaqreb, Xorvatiya), Qonsalo Fyerron (Flamenqo, Braziliya ), Çarls Arangis (Kolo-Kolo), Xayme Valdes (Atalanta, İtaliya), Rodriqo Telyo (Beşiktaş, Türkiyə), Mark Qonsales (ÇSKA, Rusiya).
 
Hücumçular: Umberto Suazo (Saraqosa, İspaniya), Esteban Paredes (Kolo-Kolo), Ektor Mansilya (Toluka, Meksika), Aleksis Sançes (Udineze, İtaliya), Fabian Orelyana (Xeres, İspaniya).