22 may 2010 15:33
32 namizəd. №11. Honduras
Dosye
Honduras Futbol Federasiyası 1951-ci ildəyaradılıb. Elə həmin ildən FİFA-nın üzvüdür.
Honduras yığması 1981-cı ildəKONKAKAF Kubokunun qalibi olub. DÇ-nin final turnirlərindəbir dəfəiştirak edib: DÇ-82-də mübarizəni qrup mərhələsindədayandırıb.
Baş məşqçi: Reynaldo Rueda
Ən çox oyun keçirən futbolçu: Amado Gevara – 131 oyun
Ən yaxşı bombardir: Karlos Pavon – 57 qol
Azerisport.az DÇ-2010-un iştirakçılarını təqdimatını davam etdirir. Növbə Şimali Amerikanın – KONKAKAF zonasınındır. Buna qədər ABŞ barədə yazmışdıq. İndi – Honduras.
Qarşıdakı mundialın ən ekzotik komandasının baş məşqçisi Reynaldo Rueda bir qərarla komandasının onsuz da nikbinliklə qiymətləndirilməyən perspektivlərini bir qədər azaltdı. Siz deyin, DÇ-də Hondurasa öz ölkələrindən başqa harada azarkeşlik edəcəklər? Heç yerdə. Amma Rueda Xəzər Lənkəranın hücumçusu Allan Lalini DÇ-yə aparsaydı, onun komandasına Azərbaycanın cənub bölgəsində dəstək təmin olunacaqdı. Və bəlkə də bütün Azərbaycanda.
Əlbəttə, eyni məntiqlə tutaq ki, Çin Xalq Respublikasının və ya ABŞ-ın da Hondurasa azarkeşlik edəcəyini söyləmək olar. Amma etiraf edək ki, bunun yaşanmaq ehtimalı yüksək deyil. ABŞ-ın DÇ-də öz yığması var. Çin çempionatını isə başqa yığmalarda çıxış edən futbolçular da təmsil edir. Azərbaycan isə bu mənada unikal ölkə ola bilərdi.
Rueda bu dərəcədə dərin düşünmədi, amma ciddi danışsaq, heç əlavə 9 milyonun insanın dəstəyi də çətin ki, Hondurasa kömək edə bilsin. Bəli, bu komandanın heyətinin əsasını İngiltərə Premyer Liqasında, İtaliya A Seriyasında, Belçika Jupiler liqasında forma geyən futbolçular qoruyur və onların arasınds David Suazo kimi məşhur sima da var. Amma ümumilikdə komandanın səviyyəsi o qədər də yüksək deyil.
Üstəlik, Honduras ispandilli qrupa düşsə də, orada – həmin qrupda bir aşkar favorit və iki güclü yığma var. Çətin ki, İspaniya birinci yeri kimə versin. DÇ təcrübəsi Hondurasdan az olmayan İsveçrə və Çili isə mütləq ikinci yer uğrunda mübarizə aparacaq. Beləcə KONKAKAF-ın ABŞ və Meksikadan sonra üçüncü təmsilçisinin statist ampluasında və məşhur Olimpiya şüarı ilə (“Əsas qələbə yox, iştirakdır”) DÇ-yə gələcəyi daha inandırıcıdır.
Amma bu da Ruedanın gənc və təcrübəli futbolçuların sintezindən qurulmuş komandasına əlavə stimuldur. Honduras CAR-da qrupdan çıxsa, dünya bunu hələ çox xatırlayacaq.
Qapıçılar: Noel Valyadares, Donis Eskober (hər iikisi – Olimpiya), Rikardo Kanales (Motaqua).
Müdafiəçilər:Serxio Mendosa, Emilio İsagirre (hər ikisi Motaqua), Maurisio Sabilyon (Xenju Qrintaun, Çin), Osman Çaves (Platense), Conni Palasios, Bonek Qarsiya (hər ikisi Olimpiya), Meynor Fiqeroa (Uiqan, İngiltərə), Viktor Fernandes (Anderlext, Belçika).
Yarımmüdafiəçilər:Danilo Tursios, Roman Nunyes (hər ikisi Olimpiya), Xendri Tomas (Uiqan, İngiltərə), Edqar Alvares (Bari, İtaliya), Ricer Espinoza (Kanzas Siti, ABŞ), Amado Gevara (Motaqua), Uilson Palasios (Tottenhem, İngiltərə), Julio Sezar de Leon (Torino, İtaliya).
Hücumçular: Uolter Martines (Maraton), Corci Uelkam (Motaqua), Karlos Pavon (Реал Espanyol), David Suazo (Cenoa, İtaliya).
