20 may 2010 00:08
32 namizəd. №10. Əlcəzair
Dosye
Əlcəzair Futbol Assosiasiyası 1962-ci ildə yaradılıb. 1963-cü ildən FİFA-nın üzvüdür.
Əlcəzair yığması 1990-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub. DÇ-nin final turnirlərində iki dəfə iştirak edib: DÇ-82 və DÇ-86-da mübarizəni qrup mərhələsində dayandırıb.
Baş məşqçi: Rabəh Səadan
Ən çox oyun keçirən futbolçu: Məhyəddin Mefta – 107 oyun
Ən yaxşı bombardir: Abdelhafid Təsfaut – 35 qol
Azerisport.az DÇ-2010-da çıxış edəcək Afrika yığmalarının təqdimatını başa çatdırır. CAR, Kamerun, Nigeriya, Fil Dişi Sahili və Qanadan sonra növbə sonuncu “qara qitə” təmsilçisinin – Əlcəzairindir.
Bu yığmaya ciddi yanaşmaya bilərsiniz. Amma məsləhət görürük, Əlcəzairi hesabdan silməyin. Bunun üçün sizə üç səbəb gətirəcəyik.
Birinci səbəb. Materialın sonunda, aşağıda komandanın DÇ-də iştirak edəcəyi heyət var. Hələ ki, oradakı futbolçuların sayı 25-dir, amma yerli çempionatda çıxış edənlər - qapıçı Zəmməmuş və müdafiəçi Layfauini oradan çıxarın. Alınır 22-si Avropanın kifayət qədər möhkəm klublarında çıxış edən 21 futbolçu. Digər üç qolkiperdən ikisi yenə Əlcəzair birinciliyini təmsil edəcək. Hər halda, görünür, orada qolkiperlərlə işləməyi bacarırlar. Ya da əlcəzairli qapıçıların səviyyəsi Avropaya uyğun deyil. Amma bu amil də komandanın gücünü azaltmır.
Əlcəzair olduqca möhkəm və balanslaşdırılmış heyətə malikdir. Ulduzların sayı çox deyil və orada Zinəddin Zidanı (məlumdur ki, futbol dahisi əslən əlcəzairlidir) da tapmaq mümkün deyil, amma DÇ-də uğur əldə etmək üçün tək Zidan da kifayət etməz. Amma “ulduz”suz, hər xətti qaydasında olan komandanın boyundan yuxarı tullanması mümkündür.
İkinci səbəb. Baş məşqçinin adı və soyadı. Necə? Sizə tanış deyil? Rabəh Səadan barədə çox şey bilməsəniz də, biz sizə danışaq ki, bu mütəxəssis artıq beşinci (!) dəfədir, Əlcəzair yığmasına rəhbərlik edir. Komandanın bundan əvvəlki ən böyük uğurları – DÇ-82 və DÇ-86-nın final mərhələsinə vəsiqə, 1990-cı il Afrika Millətlər Kubokunda qələbə də Səadanın adı ilə bağlıdır. O, üç il əvvəl yığmaya qayıdıb və pillə-pillə komandanı yenidən əvvəlki səviyyəsinə qaytarıb. Budur, 24 il sonra Əlcəzair yenidən DÇ-nin final mərhələsindədir. Bu fakta diqqət yetirməyə dəyər və kim bilir, Rabəh Səadan mundialın final turnirində nə fikirləşəcək.
Üçüncü səbəb. Əlcəzairin yer aldığı qrup. Aydındır ki, Fabio Kapellonun rəhbərlik etdiyi İngiltərə yığması ilə bu gün nəinki “səhra tülküləri”, heç daha güclü komandalar da rəqabət aparmaq gücündə deyil. Amma ABŞ? Amma Sloveniya? Siz deyin, bu kollektivlər hansı keyfiyyətlərinə görə Əlcəzairi heç olmasa bir baş üstələyir? Üç komandanın təxminin səviyyəsi bərabərdir. Elə buna görə də “qırmızı-yaşıllar” qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacaqlar. Tarixində ilk 1/8 final isə Əlcəzair üçün ən böyük uğur olacaq.
Sizi inandıra bildikmi?
Qapıçılar: Fevzi Şauşi (Entente Setif, Əlcəzair), Lune Qauaui (ASO Şlef, Əlcəzair), Mbohi Rəis Uhəb (Slaviya Sofiya, Bolqarıstan), Məhəmməd Əmin Zəmmamuş (Muludia Aljirs, Əlcəzair).
Müdafiəçilər: Həbib Belaid (Bulon, Fransa), Nadir Belhac (Portsmut, İngiltərə), Məcid Buqerra (Qlazqo Reyncers, Şotlandiya), Rafik Halişe (Nasyonal, Portuqaliya), Abdelkader Layfaui (Entente Setif, Əlcəzair), Karl Mecani (Ayaçço, Fransa), Camal Mesbah (Leççe, İtaliya), Əntər Yəhya (Boxum, Almanya).
Yarımmüdafiəçilər: Cəmil Abdun (Nant, Fransa), Riad Budebuz (Soşo, Fransa), Adlan Qudiura (Vulverhempton, İngiltərə), Fuad Kadir (Valansyen, Fransa), Medhi Laçen (Rasinq, İspaniya), Yazid Mansuri (Loryan, Fransa), Murad Menyi (Latsio, İtaliya), Həssən Yebda (Portsmut, İngiltərə), Kərim Ziani (Volfsburq, Almaniya).
Hücumçular: Rafik Cebbur (AEK, Yunanıstan), Abdelkader Gezzal (Syena, İtaliya), Kərim Matmur (Borussiya Mönxenqladbax, Almaniya), Rafik Saifi (İstr, Fransa).
