17 may 2010 00:08
32 namizəd. №9. Qana
Dosye
Qana Futbol Assosiasiyası 1957-ci ildə yaradılıb. 1958-ci ildən FİFA-nın üzvüdür.
Qana yığması 4 dəfə Afrika Millətlər Kubokunun qalibi olub. DÇ-nin final turnirlərində bir dəfə iştirak edib: DÇ-2006-da 1/8 finalda Braziliyaya məğlub olub.
Baş məşqçi: Milovan Rayevaç (Serbiya)
Ən çox oyun keçirən futbolçu: Abedi Pele – 73 oyun
Ən yaxşı bombardir: Abedi Pele – 33 qol
Azerisport.az DÇ-2010-da çıxış edəcək Afrika yığmalarının təqdimatını davam etdirir. CAR, Kamerun, Nigeriya və Fil Dişi Sahilindən sonra növbə Qananındır.
Bu yığma komanda hələ də çoxlarının yaddaşında “Pele” soyadı ilə qalıb. Yox, əlbəttə, dahi Futbol Kralının Qanaya heç bir aidiyyəti yoxdur (bəlkə də var, Braziliyanın əhalisinin 99% emiqrantlardır), amma Qana futbolunun tarixində damğa qoymuş başqa bir Pele var. Komandanın ən yaxşı bombardiri və ağ-qara formada ən çox oyun keçirmiş Abedi Pele.
Futbolçu karyerasını çoxdan başa vurmuş Abedi Pelenin xələfləri özü kimi güclü və istedadlı olmadı. Elə buna görə də Qana yığması bir müddət futbol Olimpindən bir kənarda, kölgədə qərarlaşdı. Amma 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində Qananın isti və kasıb şəhərlərində dünyaya gələn bir qrup gənc yenidən “Qara ulduz”ları zirvəyə qaldırmaq istəyir.
Bugünkü Qanaya elə də tanınmış olmasa da, təcrübəli və nəticə qazanmağı bacaran mütəxəssis başçılıq edir. CAR-da keçiriləcək mundialda Milovan Rayevats və onun istedadlı komandasından çox şey gözləyirlər. Ən azından 4 il əvvəlki nəticəni. Komandanın düşdüyü qrupa nəzər salsaq, görərik ki, hər şey bu qədər ümidsiz və qorxulu deyil. Bəli, Almaniya bütün DÇ-nin real favoriti, Serbiya bu turnirin “gizli” favoritidir. Avstraliya da CAR-a iddialı gələcək. Amma yəqin ki, Rayevatsın vətəninə nəyisə sübut etməyə ehtiyacı var.
Yeri gəlmişkən, Serbiyada məhz Qanadan və onun baş məşqçisindən çox çəkinirlər. DÇ ərəfəsində artıq neçənci aydır ki, vətənindən mütəxəssis anonim məktublar gəlir və həmin məktublarda Rayevatsdan tezliklə postunu tərk etməsi məsləhət görülür. Əks halda, “günlərin bir günü Qana küçələrində sənin meyitini tapacaqlar”. Bax, belə. Razılaşın, deməli, qorxmağa bir əsas var!
Və niyə də olmasın? DÇ-də orta xəttində Essyen, Muntari, Kvadvo Asamoa və Appya kimi futbolçuları olan çoxmu komanda tapmaq mümkündür?
Qapıçılar:Riçard Kinqson (Uiqan, İngiltərə), Daniel Aqey (Liberti), Stefan Axorlu, Stefan Adams (Aduana).
Müdafiəçilər: Con Peyntsil (Fulhem), Con Mensa (Sanderlend), Conatan Mensa (Qranada, İspaniya), Samuel İnkum (Bazel, İsveçrə), Hans Zarpay (Bayer Leverkuzen, Almaniya), Rəhim Ayu (Zəmələk, Misir), Li Eddi (Behem), Aysek Vorsa (Hoffenhaym, Almaniya), Erik Addo (Roda, Hollandiya).
Yarımmüfadiəçilər:Maykl Essyen (Çelsi, İngiltərə), Kvadvo Asamoa (Udineze, İtaliya), Emmanuel Aqemanq-Badu (Udineze, İtaliya), Entoni Annan (Rusenborq, Norveç), Salli Muntari (İnter, İtaliya), Kevin-Prins Boatenq (Porstmut, İngiltərə), Kvinsi Ovusu Abeye (Əl Sədd, Qətər), Stefan Appya (Bolonya, İtaliya), Andre Ayu (Arle, Danimarka), Lari Kinqston (Harts, Şotlandiya), Derek Boatenq (Xetafe, İspaniya), Bernar Kumordzi (Panionis, Yunanıstan), Haminu Draman (Lokomotiv Moskva, Rusiya).
Hücumçular: Asamoa Qyan (Renn, Fransa), Prins Taqoe (Hoffenhaym, Almaniya), Dominik Adiya (Milan, İtaliya), Mettyu Amao (Breda, Hollandiya).
