14 may 2010 00:08

32 namizəd. №8. Fil Dişi Sahili

Dosye
 
Fil Dişi Sahili Futbol Federasiyası 1960-ci ildə yaradılıb. 1961-ci ildən FİFA-nın üzvüdür.
Fil Dişi Sahili yığması 1992-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub. DÇ-nin final turnirlərində bir dəfə iştirak edib: DÇ-2006-da  Hollandiya, Argentina və Serbiya ilə eyni qrupda mübarizə aparıb və 3-cü olub.
 
Baş məşqçi: Sven-Yoran Eriksson (İsveç)
Ən çox oyun keçirən futbolçu: Didye Zokora – 78 oyun
Ən yaxşı bombardir: Didye Droqba – 43 qol
 
Azerisport.az Afrika qitəsinin “Qara qitə”də keçiriləcək ilk DÇ-də nüfuzunu qorumağa çalışacaq yığmaların təqdimatını davam etdirir. Kamerun və Nigeriyadan sonra növbə son illər Afrikada real gücə çevrilən Fil Dişi yığmasına çatıb.
 
Onları “fillər“ adlandıra bilərik. Birincisi, ölkəsinin adında “fil” sözünə rast gələn bir komandaya başqa ləqəb fikirləşmək bir qədər qəribə səslənərdi. İkincisi, bu komandanın rəmzlərində, milli federasiyasının loqotipində fil təsvir olunub. Üçüncüsü, narıncı-yaşılların heyəti başdan-başa “fillər”lə doludur. Təbii ki, yaxşı mənada. Təbii ki, futbolçu keyfiyyətləri baxımından.
 
Məgər Didye Droqba fil deyilmi? Uzun illərdir Avropada çıxış edən. Çelsi ilə ÇL-dən başqa bütün mümkün titulları qazanan, ildən-ilə dünyanın ən güclü hücumçularından biri olduğunu sübuta yetirən, Afrikada ilin futbolçusunu başqa hansı heyvana bənzədəsən?
 
Ümumiyyətlə, Fil Dişi Sahili kimi qəribə ada malik ölkənin futbolunun az-çox dünya səhnəsinə çıxması məhz Didye Droqba və onunla birgə, təxminən eyni vaxtda futbola gələn “qızıl nəslin” nümayəndələrinin zəhmətdidir. Droqbaya qədər çox az adamın bu cür yığmanın mövcudluğundan xəbəri vardı. Cəmi 6-7 il keçib və Fil Dişi Sahili... ilk dəfə Afrikada keçiriləcək mundialın favoritlərindən biri hesab olunur. Daha doğrusu, gizli favoritlərindən. Bukmeker kontorları üstünlüyü ənənəvi olaraq, Avropa və Cənubi Amerikanın köklü millilərinə verirlər. Amma axı buz bukmeker deyilik. Və əlimizdə quru statistikadan başqa digər dəlillər də var.
 
Məsələn, son vaxtlar tez-tez CAR-dakı DÇ-ni Afrika yığmalarının şansı hesab edirlər. DÇ-90-da Kamerunla başlayan Afrika futbolunun intibahı illər keçdikcə bir qədər də sürətlənib. Əvvəllər əgər Avropada yalnız Roje Millanı tanıyırdılarsa, indi “Köhnə qitə”nin 90% klublarında afrikalılar “at oynadır”. Corc Veanın 1995-ci ildə “Qızıl top”u qazanması ilə isə Afrika futbolu yeni mərhələyə qədəm qoyub.
 
Belə şəraitdə CAR-da hansısa Afrika komandasının çempion olması, yaxud tarixdə ilk dəfə medal qazanması şansları olduqca yüksək qiymətləndirilir. Amma necə deyərlər, “müxalifətdən vahid namizəd” kimdir? Samuel Eto`Olu Kamerunmu? Nvankvo Kanulu Nigeriyamı? Kərim Zianili Əlcəzairmi? Maykl Essyenli Qanamı? Yoxsa Benni Makkartili CAR-mı? Əlbəttə, yox. Əlbəttə ki, Didye Droqbalı Fil Dişi Sahili!
 
Aşağıda rast gələcəyiniz 30 nəfərlik siyahıya “fillər ölkəsi”ndə çox güvənirlər. Axı orada millinin heyətində oyun sayına görə rekordsmen Didye Zokora, İngiltərə Premyer Liqasının aparıcı müdafiəçiləri -  Emmanuel Ebue və Kolo Ture, Barselona ilə bütün mümkün titulları qazanan Yaya Ture, Çelsidə Droqbanın “silahdaş”ı Salomon Kalunun adları var. Niyə də bu cür istedadlı kollektiv sözünü deməsin?
 
Yalnız bir problem var. Əslində, bu, tam anlamı ilə problem deyil. Sadəcə, baş məşqçinin şəxsiyyəti suallar doğurur. Sven-Yoran Eriksson nə qədər titullu, dünya futbolunda nə qədər iz qoymuş mütəxəssis olsa da, fakt odur ki, isveçli məşqçi son illər nə güclü İngiltərə, nə də istedadlı Meksika ilə ciddi bir uğura nail olmayıb. Yaxınlarda Türkiyə millisinə təyin edilən Quus Hiddinkin heç olmasa, 3 aylıq Fil Dişi Sahilinə rəhbərlik etməsi məsələsi müsbət həll olunsaydı, bu komandadan əminliklə uğur gözləmək olardı. İndi isə...
 
Amma bəlkə də bu elə Sven-Yoran Erikssonun “qu quşu nəğməsi” olacaq, kim bilir?
 
 
Qapıçılar: Vinsent Anqban (ASEK Abican), Bubakar Barri (Lokeren, Belçika), Aristid Zoqbo (Makkabi Netanya, İsrail), Daniel Yeboa (ASEK Abican).
 
Müdafiəçilər: Süleyman Bamba (Haybernian, Şotlandiya), Artur Boka (Ştutqart, Almaniya), Bencamin Bru Anqua (Valansyen, Fransa), Qu Demel (Hamburq, Almaniya), Emmanuel Ebue (Arsenal, İngiltərə), Abdulaye Meyte (Vest Bromviç, İngiltərə), Stiv Qohuri (Uiqan, İngiltərə), Siaka Tiene (Valansyen, Fransa), Kolo Ture (Mançester Siti, İngiltərə).
 
Yarımmüdafiəçilər: Emers Fae (Nant, Fransa), Jan-Jak Qosso-Qosso (Monako, Fransa), Abdelkader Keyta (Qalatasaray, Türkiyə), Emmanuel Kone (Kurti Arj), Jerve Yao Kuassi (Lill, Fransa), Kristian Koffi Ndri (Sevilya, İspaniya), Şeyx İsmael Tiote (Tvente, Hollandiya), Yaya Ture (Barselona, İspaniya), Jil Yapi Yapo (Yanq Boyz, İsveçrə), Didye Zokora (Sevilya, İspaniya).
 
Hücumçular: Kanqa Akale (Lans, Fransa), Aruna Dindane (Lans, Fransa), Seydu Dumbia (Yanq Boyz, İsveçrə), Didye Droqba (Çelsi, İngiltərə), Salomon Kalu (Çelsi, İngiltərə), Bakari Kone (Marsel, Fransa).