12 may 2010 15:13

32 namizəd. №7. Nigeriya

Dosye
 
Nigeriya Futbol Federasiyası 1945-ci ildə yaradılıb. 1960-cı ildən FİFA-nın üzvüdür. Nigeriya yığması iki dəfə Afirka Millət Kubokunun (1980, 1994), bir dəfə Olimpiadanın (1996) qalibi olub. DÇ-nin final turnirlərində üç dəfə iştirak edib: DÇ-94 və DÇ-98-də 1/8 finala qədər irəliləyib.
 
Baş məşqçi: Lars Laqerbek (İsveç)
Ən çox oyun keçirən futbolçu:Mudaşiru Laval – 86 oyun
Ən yaxşı bombardir: Rəşid Yekini – 37 qol
 
Afrika bu il tarixində ilk dəfə DÇ-də 6 komanda ilə təmsil olunacaq. Bu ilk növbədə mundialın bir Afrika ölkəsində keçirilməsi ilə bağlıdır. Amma burada “Qara qitə”nin futbolunun son 20 ildə fantastik sürətlə inkişaf etməsi məqamlarını da axtara bilərik.
 
Əgər əvvəllər Afrika yığmaları DÇ-də ekzotika hesab olunurdusa, indi onlar real gücdür. Məsələn, Nigeriya millisi heyət baxımından çoxlarına yenilmir. Bununla belə, bu hələ mütləq uğur anlamına gəlmir. Nigeriyalılar nə DÇ-94-də, nə DÇ-98-də, nə də DÇ-2002 də zəif heyətlə çıxış etmirdilər. Amma 1/8 finalda o tərəfə getmək mümkün olmamışdı. Uzaq Şərqdəki mundialda isə komanda ümumiyyətlə, qrupdan çıxmamışdı.
 
Bu dəfə də Nigeriyaya avropalı mütəxəssis rəhbərlik edir. Lars Laqerbekin karyerasında ciddi uğurlar olmasa da, o, 13 il İsveç yığmasında çalışıb. Bacarıqsız məşqçini isə bu qədər uzun müddətə dünyanın heç bir yerində saxlamırlar. Laqerbek bir məşqçi kimi sözünü 2010-cu ildə demək istəyir və bunun üçün onun ixtiyarında kifayət qədər “möhkəm” və istedadlı futbolçular var.
 
İsveçli mütəxəssisin açıqladığı 30 nəfərlik heyətə baxsaq, qapıda İsrail çempionatının daxili birinciliyini görərik. Komandanın 4 qolkiperindən 3-ü “Müqəddəs torpaq”da çıxış edir. Dele Ayenuqba isə ötən ilin yayında öz komandası – Bney Yehuda ilə birgə Bakıya da gəlib.
 
Müdafiədə yalnız Susvan, Apam və Afolabi, orta xətdə isə Aydiye və Lukman soyadları geniş auditoriyaya məlum deyil. Amma kim bilir, bəlkə bu ilin iyulundan sonra onlar da Utaka, Mikel və Kanu qədər məşhur olacaq?
 
 
Qapıçılar: Vinsent Enyeanma (Hapoel Tel-Əviv, İsrail), Dele Ayenuqba (Bney Yehuda, İsrail), Ostin Ecide (Hapoel Petah-Tikva, İsrail), Bassey Akpan (Bayelsa Yunayted, Nigeriya).
 
Müdafiəçilər:Taye Tayvo (Marsel, Fransa), Elderson Eçijile (Renn, Fransa), Çidi Odia (ÇSKA, Rusiya), Onyekaçi Apam (Nitsa, Fransa), Cozef Yobo (Everton, İngiltərə), Daniel Şittu (Bolton, İngiltərə), Ayodele Adeleye (Sparta, Hollandiya), Rabiu Afolabi (Zaltsburq, Avstriya), Terna Susvan (Lobi Starz, Nigeriya).
 
Yarımmüdafiəçilər: Çinedu Obasi (Hoffenhaym, Almaniya), Con Utaka (Portsmut, İngiltərə), Braun Aydiye (Soşo, Fransa), Piter Utaka (Odense, Danimarka), Kalu Uçe (Almeriya, İspaniya), Dikson Etuhu (Fulhem, İngiltərə), Con Obi Mikel (Çelsi, İngiltərə), Sani Keyta (Alaniya, Rusiya), Haruna Lukman (Monako, Fransa), Ayala Yussuf (Dinamo Kiev, Ukrayna), Piter Odemvingi (Lokomotiv Moskva, Rusiya).
 
Hücumçular: Yakubu Ayeqbeni (Everton, İngiltərə), Viktor Aniçebe (Everton, İngiltərə), Nvankvu Kanu (Portsmut, İngiltərə), Obafemi Martins (Volfsburq, Almaniya), Uçe İkeçukvu (Saraqosa, İspaniya), Viktor Obinna (Malaqa, İspaniya).