32 namizəd. №6. KXDR
SSRİ-nin tərkibindən cəmi 19 ildir çıxmış bir ölkə kimi KXDR-in dövlət və futbol siyasəti bizə təəccüblü gəlməyə bilər. Amma bütün Avropa və dünya (bəzi sosializm ölkələrini çıxmaq şərti ilə) Koreyanın şimalına ağzını açıb baxır. Onlar tarixdə belə şey görməyiblər.
“Dünyanın ən qapalı yığması” qeyri-rəsmi tituluna sahib olmağa ən real namizəd – KXDR yığmasına baxanda adama elə gəlir ki, bu ölkəni Cənubi Koreya ilə illər və əsrlər, dənizlər və dağlar ayırır. Əslində isə bu iki ölkə qonşudur, hər ikisində eyni xalq - əzabkeş və intizamlı koreya xalqı yaşayır. Onların adları və soyadları da eynidir. Amma qalan hər şey fərqlidir.
Atası Kim İr Sendən sonra hakimiyyətə gələn Kim İr Çen atasının “şanlı” fəaliyyətini davam etdirdi. Bu mühafizəkar siyasət nəticəsində KXDR bütün dünyadan təcrid olundu. Hətta can bir, qanı bir Cənu Koreyada da şimallılara vəhşi və düşmən kimi baxırlar.
Qapalılıq futbola da sirayət eləyib. Məsələn, dünya çempionatına bir ay vaxt qalsa da, KXDR yığması orada geyəcəyi formaları ictimaiyyətə təqdim etməyib. Hərçənd onu istehsal edəcək şirkət bəllidir. Bu... əsasən boksçular üçün geyimlər hazırlayan “Pirma” (Meksika) şirkətidir.
Maraqlıdır ki, dövlət DÇdə yığma komandanın məğlub olacağı qarşılaşmaların yayımını qadağan edib. Onsuz da yalnız videoyazı ilə verilməsi planlaşdırılan DÇ Şimal Koreya torpağına gedib çıxmaya bilər. Hər halda, KXDR millisi Braziliya, Portuqaliya və Fil Dişi Sahili ilə birgə “ölüm qrupu”na düşüb və bu cür güclü əhatədə sosialistlərin bir qələbə belə qazanacağı inandırıcı görünmür. Beləcə, DÇ dünyanın yalnız bir ölkəsində görməyə bilərlər. Nə qədər paradoksal səslənsə də, bu, komandası həmin yarışda iştirak edəcək KXDR-dir.
Komandanın əsasını daxili çempionatda çıxış edən futbolçular təşkil edir. Amma legionerlər də az deyil. Məsələn, Kim Kuk Yin (Vil, İsveçrə), Kim Son Yon (Kyoto Sanqa, Yaponiya), Kim Yon Yun (Çenqdu Bleydz, Çin) və Xon Yon Ço (Rostov, Rusiya). Sonuncu eyni zamanda KXDR-in ən məşhur futbolçusu və kapitanıdır.
Bəlkə də istedadlı oyunçuların Avropaya və digər qitələrə axını yüksək ola bilərdi. Amma dövlət qanunları burada da öz sözünü deyir. Ölkə xaricinə tək-tük futbolçular buraxılır. Buraxıldıqda isə onları addımbaaddım KXDR təhlükəsizlik orqanlarının nümayəndəsi izləyir. Onlar adətən tərcüməçi kimi klubların ştat cədvəlinə daxil olurlar.
KXDR millisi favorit, yaxud ortabab deyil. Bu komanda aşkar autsayderdir. Əlbəttə, sürpriz etməyə hər bir kollektiv qadirdir. Amma çətin ki, kimsə onlardan 1966-cı ilin uğurunun təkrarlamağını gözləsin. Təbii, əgər söhbət KXDR rəhbərliyindən getmirsə...
