9 may 2010 00:50

Yeni Zelandiyaya 50 manat qoy, Bakının mərkəzində ev al!

Avstriyanın məşhur BWİN bukmeker kontoru bu il CAR-da keçiriləcək dünya çempionatında iştirak edəcək 32 komandanın qalib gəlmək şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, açıqlanan əmsallarda bəzi maraqlı məqamlar var.
 
Məsələn, tarixində heç vaxt dünya çempionu olmayan İspaniya yığması budəfəki DÇ-də qalib gəlməyə ən real namizəd hesab olunur. Onun əmsalı 5,5-ə bərabərdir. Favoritlər arasında gözlənildiyi kimi, Braziliya (6,0), Argentina (7,0) və İngiltərə (7,5) var. Almaniya, Hollandiya, Fransa və Portuqaliya bir qədər kənarda qərarlaşıb. Cari dünya çempionu İtaliyanın titulunu qorumaq ehtimalı 1/13-lə dəyərləndirilir ki, bu da kifayət qədər aşağı ehtimaldır.
 
Afrikadan çempion olmağa ən yaxın hesab olunan yığma Fil Dişi Sahili (26,0), Şimali Amerikadan ABŞ (81,0), Asiyadan isə Cənubi Koreyadır (201,0).
 
DÇ-ni qazanmaq şansları görünməyəcək qədər kiçik olan komandalar arasında Honduras (1000,0), KXDR (1500,0) və Yeni Zelandiya (2000,0) var. Bu o deməkdir ki, evi olmayan orta statistik Azərbaycan gənci Yeni Zelandiyanın qələbəsinə cəmi 50 manat pul qoyub iyulun 15-ni gözləməli və möcüzəyə ümid etməlidir. Zelandiyalıların qələbəsi təqdirində 100 min manata Bakının mərkəzindən gözəl ev almaq olar.
 
Ya da ki, işləmək və pul yığmaq lazımdır. Etiraf edək ki, işləyərək, evə pul yığmaq ehtimalı Yeni Zelandiyanın dünya çempionluğundan daha yüksəkdir. Azərbaycandakı bu cür iqtisadi durumda belə...
 
Bütün əmsallar:İspaniya - 5.5; Braziliya – 6,0; Argentina – 7,0; İngiltərə - 7,5; Almaniya – 11,0; Hollandiya – 12,0; İtaliya – 13,0; Fransa – 17,0; Portuqaliya – 26,0; Fil Dişi Sahili – 34,0; Serbiya – 67,0; Çili – 67,0; ABŞ – 81,0; Qana – 81,0; Paraqvay – 81,0; Meksika – 101,0; Uruqvay – 126,0; Kamerun – 126,0; Nigeriya – 151,0; CAR – 151,0; Danimarka – 151,0; Yunanıstan – 151,0; Avstraliya – 151,0; Cənubi Koreya – 201,0; İsveçrə - 201,0; Slovakiya – 401,0; Sloveniya – 401,0; Yaponiya – 401,0; Əlcəzair – 501,0; Honduras – 1000,0; KXDR – 1500,0; Yeni Zelandiya – 2000,0.