8 may 2010 00:11
32 namizəd. №5. Kamerun
Dosye
Kamerun Futbol Federasiyası 1955-ci ildə yaradılıb. 1962-ci ildən FİFA-nın üzvüdür. Kamerun yığması 4 dəfə (1984, 1988, 2000, 2002) Afirka Millətlər kubokunu qazanıb. 1996-cı ildə Atlanta olimpiadasının çempionu olub. 2003-cu ildə Konfederasiyalar Kubokunun finalına çıxıb. DÇ-nin final turnirlərində beş dəfə iştirak edib: DÇ-1990-da 1/4 finala qədər irəliləyib.
Baş məşqçi: Pol le Quen (Fransa)
Ən çox oyun keçirən futbolçu: Riqober Sonq – 133 oyun
Ən yaxşı bombardir: Samuel Eto`O – 42 qol
Siz deyin, ixtiyarında Ayaks, Tottenhem, Lion, Marsel və İnter (İtaliya) kimi klubların əsas heyət futbolçuları olan hansı məşqçi durumundan şikayətlənə bilər? Və bu cür futbolçulardan ibarət hansı komanda çıxış etdiyi turnirdə favorit sayılmaya bilər? Pol le Quen durumdan narazı deyil, amma Kamerun yığması da DÇ-nin favoriti deyil.
Azerisport.az xəbər verir ki, Afrika yığmalarının yeganə problemi psixologiya və futbolçuların ayrı-ayrı çempionatlarda parlaq oyun göstərməsi, bir yerə gəldikdə isə bir-birilərin uyğunlaşa bilməməsidir. Avropanın nəhəng futbol dövlətlərini – İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Hollandiya və Portuqaliyanı saymasaq, heç bir “köhnə qitə” ölkəsinin yığma komandası heyətindəki ulduzların sayına qədər “qara qitə”nin aparıcı yığmalarına çata bilməz. Belə “aparıcılar”ın arasında Kamerun millisi də var. Amma bu kollektiv yenə favorit deyil.
“Ramedilməz şirlər” heç cür 20 il əvvəlki uğuru təkrarlaya bilmirlər. İtaliyada keçirilən DÇ-də keçmiş həmyerlimiz, hazırda isə Rusiya Premyer Liqasında çalışan Valeri Nepomnyaşinin rəhbərlik etdiyi kollektiv sensasiyaya imza ataraq, 1/4 finala qədər irəliləməyi bacarmışdı. Çıxış etdiyi növbəti üç DÇ-də isə (1994, 1998 və 2002) qrup mərhələsini adlaya bilməmişdi. Hərçənd, 1990-cı ilin Kamerununda 38 yaşlı Roje Milladan başqa ulduz tapmaq çətin idi. Sonralar isə komandanın rəngarəng formasını Patris Mboma, Raymon Kalla, Pyer Vome, Riqober Sonq və Samuel Eto`O kimi “as”lar geyinmişdi. Deməli, Kamerunun əsas problemi nizam-intizamdır. Lionla 3 dəfə Fransa çempionu olduqdan sonra elə bir uğur qazanmayan Pol le Quen problemi aradan qaldıra biləcəkmi? Sual ritorik xarakter daşıyır və onun cavabını yalnız ay yarım sonra alacağıq. Bəlkə də daha tez...
Budəfəki Kamerun millisi ulduzlar toplumudur. Hər xətdən yalnız bir tanınmış futbolçununu adını çəkirik: qapı – İdris Kameni (Espanyol, İspaniya), müdafiə - Benua Assu-Ekoto (Tottenhem, İngiltərə), yarımmüdafiə - Jan Makun (Lion, Fransa), hücum – Samuel Eto`O (İnter, İtaliya). Seçmə mərhələdə “şirlər”in şərəfini yerli çempionatdan yalnız bir futbolçu qoruyub. 26 yaşlı Aman Sacco da cəmi 15 dəqiqə ilə kifayətlənib. Digərləri isə Avropanın “böyük beşlik” və şərti olaraq “ikinci eşelon” adlanan (Hollandiya, Portuqaliya, Belçika, Şotlandiya, Türkiyə, Rusiya) çempionatlarında top qovur.
Amma necə deyərlər ulduzların komandasının toplamaq asandır, vacib olan isə ulduz komanda yaratmaqdır. Yaponiya, Danimarka və Hollandiyanın qrupundan isə çıxmaq olar. Çətin ki, adlara görə yaponlar və danimarkalılar Kamerundan üstün olsun.
