32 namizəd. №4. ABŞ
Dünyanın bütün mənalarda 1 nömrəli dövləti olan ABŞ-ın cəmi bir zəif nöqtəsi var: futbol. Məhz ABŞ-ın nümunəsində Rusiya, Çin, Yaponiya və digər superdövlətlərin futbolda ciddi uğur qazana bilməməsi bu idman növündə heç də hər şeyin pul və avtoritetlə həll olunmadığına nümunədir. Futbol bu mənada unikal idman növüdür. Və bəlkə də ABŞ planetdə yeganə ölkədir ki, orada “sokker” dəlilərinin sayı faiz etibarı ilə yüksək deyil.
Basketbol, beysbol, buzüstü xokkeyin “at oynatdığı” ştatlarda futbolu da sevirlər. Amma öz futbollarını, reqbiyə çox bənzəyən Amerika futbolunu. Əksər Avropa ölkələri üçün Amerika futbolu nə qədər yöndəmsiz və mənasız bir oyun təsiri bağışlayırsa, ABŞ auditoriyası da estetika və ecazkarlığın çox olduğu futbola bir o qədər soyuq yanaşır. ABŞ-lılar üçün bir nömrəli keyfiyyət mübarizədir. Futbolda isə, etiraf edək ki, Messi kimi virtuozları Qattuzo kimi “canavarlar”dan daha çox sevirlər.
ABŞ-da isə qattuzoların sayı daha çoxdur. Bu komanda son illər böyük inkişafa nail olub və 2009-cu ildə elə CAR-da keçirilən Konfederasiyalar kuboku bunu bir daha sübuta yetirdi. Komanda İtaliya və Braziliyanın qrupundan yarımfinala adladı, orada məğlubedilməz hesab olunan İspaniyaya qalib gəldi. Təkcə elə bu fakt ABŞ-lı azarkeşlərə qarşıdakı DÇ-yə bir qədər ümidlə baxmaq üçün kifayətdir.
Baş məşqçi Bob Bredlinin ixtiyarında ulduzlardan yox, işlək futbolçulardan qurulmuş yaxşı kollektiv var. Bu kollektivin aparıcı simaları Avropada çıxış edir. CAR meydançalarında Bredlinin Tim Hovard (Everton, İngiltərə), Karlos Bokaneqra (Renn, Fransa), Conatan Spektor (Vest Hem, İngiltərə) və Lendon Donovan (Everton, İngiltərə) kimi Avropa məktəbi görmüş oyunçulara çox ehtiyacı olacaq. Və bu futbolçuların təcrübəsi “ulduzlu-zolaqlı” komandanın daha yaxşı nəticə göstərməsinə kömək edə biləcək. ABŞ-ın qrupdan çıxmaq üçün gözəl şansı var. İngiltərə istisna olmaqla, digər rəqiblər – Sloveniya və Əlcəzair o qədər də qorxulu deyil.
“Böyük Sem” uğur istəyir. ABŞ kimi superdövlət miqyasında belə 1/8 finala vəsiqə böyük müvəffəqiyyət qazanaca hesab olunacaq. Futbol xalqları məhz belə bərabərləşdirir.
