3 may 2010 00:12

32 namizəd. №3. Avstraliya

Dosye
 
Avstraliya Futbol Assosiasiyası 1961-ci ildə yaradılıb. 1963-cü ildən FİFA-nın üzvüdür. Avstraliya yığması 4 dəfə Okeaniya Kubokunun qalibi olub. 1997-ci ildə Konfederasiyalar Kubokunun finalına çıxıb. DÇ-nin final turnirlərində iki dəfə iştirak edib: 2006-cı ildə 1/8 finala vəsiqə qazanıb və orada gələcək çempion İtaliyaya məğlub olub (0:1).
 
Baş məşqçi: Pim Verbeek (Hollandiya)
Ən çox oyun keçirən futbolçu: Aleks Tobin – 87 oyun
Ən yaxşı bombardir: Damian Mori – 29 qol
 
 

“Avstraliya” adlanan bir ölkənin yığma komandasını Asiya qitəsinin təmsilçisi kimi təqdim etmək bir qədər çətin və gülməli görünür. Amma nə edək ki, bu belədir və Avstraliyanın tarixində 3-cü dəfə qatılacağı DÇ-də qazanacağı hər bir uğur məhz Asiya Futbol Konfederasiyanın (AFK) aktivinə yazılacaq.

Hərçənd, Pim Verbeekin rəhbərlik etdiyi kollektivin çox uzaqlara gedəcəyi elə də inandırıcı görünmür. Ən azından ona görə 4 il əvvəllə - 2006-cı ildə Almaniyada təşkil olunan mundialla müqayisədə “Sokkeruz” o qədər də güclü görünmür. Bu 4 ildə komandanın heyəti demək olar heç bir deformasiyaya uğramayıb. Sabitlik nə qədər önəmlidirsə, “yeni qan” bir o qədər qaçılmazdır və onun yoxluğu “kenqurular”ı çətin vəziyyətə sala bilər. Hərçənd, coğrafi qonşusu Yeni Zelandiya ilə müqayisədə Avstraliya “əməlli-başlı” komandaya bənzəyir.

Bu yığmanın Mark Şvartser (Fulhem, İngiltərə), Lukas Neil, Harri Kyuell (hər ikisi Qalatasaray, Türkiyə), Lük Uilkşir (Dinamo Moskva, Rusiya), Mark Breşiano (Palermo, İtaliya), Vinçentso Qrella, Bret Emerton (Blekbern, İngiltərə), Tim Keyhill (Everton), Brett Holman (Alkmaar, Hollandiya), Skot Makdonald (Qlazqo Reyncers, Şotlandiya) kimi oyunçuları var. Bu siyahıya baxan və DÇ-2006-ı az-çox yaxından izləyən azarkeşlər bir daha əmin olar bilərlər ki, Avstraliyada bu dəfə də təxminən elə 4 il əvvəl ona tarixində ən böyük uğuru gətirən heyətə güvənəcəklər. Geniş auditoriyaya məlum olmayanlardan yalnız istedadlı Ris Uilyams (22 yaş, Middlsboro, İngiltərə), Ceyms Holland (21 yaş, Alkmaar, Hollandiya) və Brüs Citdən (23 yaş, Gənclərbirliyi, Türkiyə) nəsə gözləmək olar. Bununla belə, Pim Verbeeki yenə çətin sınaq gözləyir.

Baş məşqçinin personası da dünyada birmənalı qarşılanmır. Avstraliyada Verbeekə nə qədər güvənsələr də, hamıya aydındır ki, onun yeganə üstünlüyü məhz holland olmasıdır. Ümumiyyətlə, Quus Hiddinkin qısa lakin, olduqca səmərəli fəaliyyətindən sonra (xatırladaq ki, Avstraliya məhz Türkiyə ilə birgə yığmamızın qarşıdakı seçmə mərhələdə rəqibi olacaq Hiddinkin rəhbərliyi altında DÇ-2006-ya yollanmış və orada qrupdan çıxmışdı) “yaşıl qitə”də bir “hollandmaniya” başlayıb. Hiddinkdən sonra Dik Advokatı yığmanın sükanı arxasına gətirmək istəyən avstraliyalılar çarəsizlikdən Verbeekə müraciət etdilər. O isə hələ ki, ümidləri doğruldur. Amma aydındır ki, DÇ nə Okeaniya çempionatı, nə də Asiya kuboku ilə müqayisəyə gəlməz. Yəqin Almaniya, Qana və Serbiyanın arasından 1/8 finala vəsiqə qazanmaq “sokkeruz” üçün böyük nəticə olacaq.

Onu da etiraf edək ki, bu perspektivlər o qədər yüksək qiymətləndirilmir.