25 aprel 2010 15:41

Useyn Boltun qəribə seçimi

3 qat Olimpiya çempionu Useyn Bolt bu il CAR-da keçiriləcək Dünya çempionatında azarkeşlik edəcəyi komandanın adını açıqlayıb. Azerisport.az xəbər verir ki, yamaykalı superçempion Argentina yığmasının uğur qazanmasını arzulayacaq.
“Argentinaya azarkeşlik edəcəyəm. Məncə, onlara yarımmüdafiənin mərkəzinə yeni güclü futbolçu lazımdır. Bu halda Argentina bütün oyunlarda meydançanın mərkəzinə dominantlıq edə bilər.
 
Amma turnirin favoritləri kimi İspaniya və Braziliyanın adını çəkə bilərəm” – AFP agentliyinə müsahibəsində Bolt belə deyib.
 
Xatırladaq ki, Yamayka yığması DÇ-yə vəsiqə əldə etməyib. Useyn Boltun məhz Argentinaya azarkeşlik etməsi də ilk baxışdan qəribə görünə bilər. Hər halda, 1998-ci ildə Fransada keçirilən DÇ-də məhz Dieqo Maradonanın indi rəhbərlik etdiyi komanda Yamaykanı 5:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Bundan ruhlanan Rusiyanın “Çayf” qrupuda postsovet məkanı üçün ölməz hitə çevrilən “Argentina – Yamayka 5:0” mahnısını yazmışdı.