24 aprel 2010 14:45

32 namizəd. №2. Yeni Zelandiya

Dosye
 
Yeni Zelandiya Futbol Assosiasiyası 1891-ci ildə yaradılıb. 1948-ci ildən FİFA-nın üzvüdür. Yeni Zelandiya yığması 4 dəfə Okeaniya Kubokunun qalibi olub. DÇ-nin final turnirlərində bir dəfə iştirak edib: 1982-ci ildə qrup mərhələsində hər 3 oyunu məğlubiyyətlə başa vurub.
 
Baş məşqçi: Riki Herbert
Ən çox oyun keçirən futbolçu: İvan Vitseliç– 65 oyun
Ən yaxşı bombardir: Voqan Koveni – 28 qol
 
 
2010-cu ilə qədər dünyada çox az adam “Yeni Zelandiya futbol yığması” adlı komandanın olduğundan xəbərdar idi. Bu ölkədə geniş yaşıl otlaqların olduğunu, heyvandarlığın və reqbinin yaxşı inkişaf etdiyini çoxları bilirdi. Lakin dünyanın ən cənub ölkələrindən birində futbolun da heç də pis səviyyədə oynanılmadığı çoxlarına məlum deyildi. FİFA və Avstraliyanın sayəsində bunu da bildilər.
 
Bəs niyə FİFA və Avstraliya? Okeaniya qitəsində onlarla futbol komandası olsa da, DÇ-nin seçmə mərhələlərində əsas mübarizə Avstraliya və Yeni Zelandiya yığmaları arasında gedirdi. Bu raqəbətdə Kyuell, Viduka, Keyhill, Nill, Breşiano kimi tanınmış oyunçulara malik “kenqurular” daha güclü təsir bağışlayırdılar. Təsadüfi deyil ki, dünya çempionatları tarixində Okeaniya yalnız üç dəfə final turnirlərində təmsil olunub. Bunların da ikisi Avstraliyanın payına düşür. Bu qitənin futbol potensialı aşağı olduğundan seçmə mərhələnin qalibi olan kollektiv DÇ-yə yollanmaq üçün Cənubi Amerikanın 5-ci komandası ilə əlavə matçlar keçirməli idi. Bu mübarizədən son illər bir qayda olaraq, amerikalılar qalib çıxırdılar. Avstraliya bundan bezdiyi üçün Asiya Futbol Konfederasiyasının üzvlüyünə qəbul edilmək məqsədilə bu quruma müraciət etdi. Müraciət müsbət cavablandırıldığından, Yeni Zelandiyanın Okeaniyada layiqli bir rəqibi qalmadı. Bu yerdə FİFA-dan da kömək gəldi. Və yeni qərara əsasən, Okeaniya zonasının qalibi artıq Cənubi Amerika yox, Asiya təmsilçisi ilə əlavə görüşlər keçirməli idi. Zelandiyalılar bu şansdan maksimum dərəcədə yararlandılar və Bəhreynlə mübarizədən qalib çıxaraq, tarixlərində ikinci dəfə DÇ-nin final mərhələsinə vəsiqə əldə etdilər.
 
2009-cu ildə elə həmin CAR-da keçirilən Konfederasiyalar Kuboku göstərdi ki, Yeni Zelandiya Afrikanın cənubuna olimpiya prinsipi ilə gələcək: “Əsas qalib olmaq yox, iştirak etməkdir”. Komandanın ümumi səviyyəsi qrupdakı rəqiblərindən (İtaliya, Paraqvay və Slovakiya) aşağıdır və Riki Herbertin yetirmələri yəqin ki, böyük hesabla məğlub olmamaq və azarkeşlərin yadında nə iləsə qalmağa çalışacaqlar. Dünyanın 1 nömrəli futbol forumu yeni zelandiyalı oyunçular üçün də Avropa klublarına keçmək baxımından həlledici ola bilər. İndi 23 nəfərlik siyahıya düşməyə real namizəd olan futbolçulardan yalnız bir neçəsi “Köhnə qitə”də çıxış edir. Onlar bir qayda olaraq, İngiltərə və Şotlandiyanın ikinci və üçüncü dərəcəli klublarının şərəfini qoruyurlar. Bu siyahıda yalnız Rayan Nelsen (Blekbern) və Kris Killen (Middlsboro) istisnadır. Sonuncu bu mövsümə qədər Seltikin (Şotlandiya) şərəfini qoruyurdu və hətta “ağ-yaşıllar”ın heyətində ÇL-də qol da vurmağı bacarmışdı.
 
Amma çətin ki, bir neçə futbolçunun İngiltərə təcrübəsinin olması Yeni Zelandiyanı aşkar autsayder yarlığından qurtara bilsin.