21 aprel 2010 15:33
Heç belə futbolçunu da yığmaya çağırarlar? (VİDEO)
İnterin qalmaqalçı hücumçusu Mario Balotelli yenə də azarkeşləri hiddətləndirib. Azerisport.az xəbər verir ki, 19 yaşlı futbolçu Barselona ilə görüşdən (3:1) dərhal sonra formasını çıxarıb yerə çırpıb və qələbəni bayram etməyib.
Onun bu hərəkətlərindən təngə gələn “göy-qaralı” azarkeşlər matçdan sonra Balotelliyə hücum çəkiblər.
Bu hərəkət İnterin həm hazırki, həm də keçmiş futbolçularını hiddətləndirib. Məsələn, Marko Materatsi soyunub-geyinmə otağında Mario ilə münasibətlərini ayırd edib. Əfsanəvi Roberto Baccio gənc hücumçunun bu cür davranışını pisləyib. İnterin icraçı direktoru Ernesto Paolillo isə futbolçunun cəzalanacağını söyləyib.
Qeyd edək ki, ötən mövsüm İnterin əvəzedici komandasında əsas heyətə cəlb olunan qanaəsilli Mario Balotelli qısa zamanda öz oyunu ilə azarkeşlərin rəğbətini qazanmağı bacarıb. Bütün İtaliya onun yığma komandaya cəlb edilməsini tələb kimi qoysa da, baş məşqçi Marçello Lippi bu qərarı verməyə tələsmir. Bu, Balotellinin ilk intizamsız hərəkəti deyil. İnterin çalışdırıcısı Joze Mourinyo da bir müddət əvvəl futbolçunun tərbiyə edilməsinin mümkün olmadığını bildirərək, onu əsas heyətin məşqlərindən kənarlaşdırmışdı.
