14 aprel 2010 00:35
İtaliya Azərbaycan yığmasının yolu ilə gedir
İtaliya yığmasının baş məşqçisi Marçello Lippi Yuventusun hücumçusu Karvalyo Amaurinin millinin heyətində debüt etmək şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, uzun müddətdir Appenin yarımadasında top qovan braziliyaəsilli futbolçu bir neçə gün əvvəl İtaliya vətəndaşlığını qəbul edib.
“Onunla danışmışam, amma vəd verməmişəm. Bu gündən başlayaraq, İtaliya yığmasına bütün namizədlər kimi, onun da çıxışlarını izləyəcəyəm. Lakin zəmanətdən söhbət belə gedə bilməz.
Mən İtaliya yığmasına qayıtmamışdan əvvəl Amauri vətəndaşlığını almaq üçün ərizə yazmışdı. Bu, keçmiş baş məşqçi Roberto Donadoninin ideyası idi və mən bu ideyanı dəstəkləyirdim. Çünki onun vacib futbolçu olduğunu hesab edirəm. Amaurinin ünvanına səslənən tənqidlər mənasızdır. İnsanlar deyir ki, Karvalyo uzun müddət Braziliya, yoxsa İtaliya yığmasını seçmək barədə düşünüb. Amma o özü ilk gündən İtaliyanın formasını geyinmək istədiyini açıqlamışdı” - “Football İtalia” nəşrinə müsahibəsində Lippi belə deyib.
