Azərbaycanlı cütlük: Medal qazanmaq üçün əlimizdən gələni edəcəyik
Hafiz Cəfərov təkcə Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti deyil, həmçinin milli komandanın məşqçisidir. Azerisport.az xəbər verir ki, onun yetişdirdiyi idmançılar arasında oğlu Emin Cəfərov də var.
Emin də digər həmyerlilərimiz kimi Bakı 2015 ilk Avropa Oyunlarına qatılaraq vətənini layiqincə təmsil edəcək. Yarışların başlanmasına sayılı günlər qaldığını deyən gənc idmançı, onu gözləyən məsuliyyətin fərqindədir:
"Biz çox həyəcanlıyıq və bilirik ki, biz daha məsuliyyətli və diqqətli olmalıyıq. İlk Avropa Oyunları olduğundan və bu oyunların ölkəmizdə keçirilməsinə görə fəxr edirik. Biz bir komanda olaraq yaxşı nəticədə əldə edərək medal qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Eminin həyat yoldaşı Nurlana Cəfərova da idmançıdır. O, qadınlar arasında dairəvi stend yarışları üzrə hazırkı Azərbaycan çempionudur. Cəfərov həmçinin şəxsi məşqçisi olduğu Nurlana haqqında belə deyib:
"Nurlana həqiqətən də atıcılıq idman növündə güclüdür. O, ötən ay keçirilən Heydər Əliyev adına Beynəlxlaq Qran-pri yarışlarında bürünc medal qazanıb. Hədəf aldığı 75 atışından 71-i uğurlu alınıb. Komandamızda hər kəsdən daha çox onun şansı var".
Cəfərovlar, Bakı 2015-də təkcə kişi və qadınlar arasında dairəvi stend yarışlarda mübarizə aparmaqla kifayətlənməyəcəklər. Onlar həmçinin qeyri-Olimpiya qarışıq dairəvi stend yarışlarında mübarizə aparmağa hazırlaşırlar.
Gənc idmançı ailəsinin uğurları məğlubedilməzdir. Belə ki, onlar Azərbaycanı 2014- cü ildə Qəbələdə keçirilmiş İSSF Dünya Kuboku finallarında təmsil ediblər. Bu yarışlarda atıcı Nurlana qadınlar arasında dairəvi stend yarışlarında 7-ci olduğu halda, gənc məşqçi Emin kişilər arasında təşkil edilən oyunlarda 5-ci yerdə qərarlaşıb. Onun oyunlarda nümayiş etdirdiyi 25 atışından 24-ü hədəfə tuş gəlib. Bununla da Azərbaycan üçün rekord göstərici əldə edib.
Bundan başqa atıcı Emin kişilərin dairəvi stend yarışları üzrə 2009 və 2012-ci illərdə Baklda, 2014-cü ildə isə Qəbələdə təşkil olunmuş Milli Çempionatında ölkə çempionu adına layiq görülüb.
