9 iyun 2015 18:15

Prezident Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüblər. Azerisport.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Atletlər Kəndinin VİP qonaqların qəbul zonası barədə məlumat verdi. Binada yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burada yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb.

Sonra Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdü.

İdmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Əziz idmançılar, əziz dostlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram və Bakıda keçiriləcək Avropa Oyunlarında uğurlar arzulayıram.

Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi. Biz qısa müddət ərzində dünya səviyyəli, Yay Olimpiya Oyunları səviyyəsində Oyunlar hazırlamışıq və uğurla keçirəcəyik.

Komandamız Oyunlarda böyük tərkibdə iştirak edəcək. Xatırlayıram, mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən idmançılarla görüşmüşəm. Biz idmançıları Oyunlara təntənəli şəkildə yola salırdıq. Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycana gəlirlər. Deyə bilərəm ki, mən 2000-ci ildən bu günə qədər bütün Olimpiya kəndlərində olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmayıb. Bax, bu Atletlər Kəndi bir memarlıq əsəridir və bizim komandamız artıq burada yerləşib. Xarici qonaqlar da gəlirlər və xüsusi qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması, əlbəttə, tarixi nailiyyətdir.

Burada yaxında Media Kəndi də var. Heç bir Yay Olimpiya Oyunlarında mətbuat işçiləri üçün Media Kəndi yaradılmamışdır. İlk dəfə biz bunu tətbiq edirik. Bir sözlə, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır. Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik. Bu Oyunlar dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcək. Əminəm ki, idmançılar bizi qələbələrlə sevindirəcəklər. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur.

Azərbaycan idman dövlətidir və bizim böyük uğurlarımız, nailiyyətlərimiz, qələbələrimiz var. Əminəm ki, bu Oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevindirəcəksiniz.

Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Bizim qədim Atəşgah məbədindən alovlandırılan məşəl bütün ölkəmizi dolaşıb və Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın insan bu məşəli salamlayıb və bu bayramı qeyd edib. Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək.

Bir daha demək istəyirəm ki, komandamız çox güclüdür, güclülər sırasındadır. Biz idmançılarımızla fəxr edirik. Onlardan yeni qələbələr gözləyirik. Əlbəttə ki, doğma Vətəndə sizə diqqət də daha böyük olacaq. Əminəm ki, nəticələr də çox yaxşı olacaq.

Ona görə sizi bir daha ürəkdən salamlayıram. Sizə qələbələr arzulayıram. Siz bilirsiniz ki, Azərbaycan xalqı sizi sevir, sizi dəstəkləyir və bu dəstək sizə əlavə güc verəcək. Bir daha təbrik edirəm və üç gündən sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlə bir daha görüşəcəyik.

X X X

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalarla xatirə şəkilləri çəkdirdilər.

Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandalarının üzvləri dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə “Selfie” və fotoşəkillər çəkdirdilər.

Bu gün ölkəmizdə idmana göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər əldə edilib. Azərbaycan idmançıları dövlətimizin başçısının diqqət və qayğısını hər an hiss edirlər. Bunun nəticəsidir ki, idmançılarımızın müxtəlif olimpiadalar, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandığı medalların sayı ilbəil artır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlandı. Bundan başqa, bu məsələdə Azərbaycanda idmana göstərilən qayğı da mühüm rol oynadı. Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərdən irəli gəldi. Beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasında oldu. Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunları keçirilməsi Azərbaycanın beynəlxalq idman aləminin aparıcı dövlətlərindən biri olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu mühüm beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə yaranan birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə müasir yeni idman obyektləri inşa olundu, mövcudları əsaslı şəkildə yenidən qurularaq birinci Avropa Oyunlarına hazırlıq vəziyyətinə gətirildi. Beləliklə, belə bir mühüm idman tədbirinə ev sahibi kimi ölkəmiz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi. Birinci Avropa Oyunlarına maraq çox böyükdür. Bu yarışlarda Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya növlərinə daxildir. İlk Avropa Oyunlarının Bakıda 21 məkanda keçirilməsi müəyyən edildi və Azərbaycan 291 idmançı ilə Avropanın ən böyük idman yarışında birincilik uğrunda mübarizəyə qatılacaq. Birinci Avropa Oyunlarının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun 2016-cı ildə Rio de Janeyro - Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır.

Beləliklə, birinci Avropa Oyunlarına sayılı günlər qalır. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə növbəti Avropa Oyunlarının standartlarını təyin edən ölkəmizi yenidən dünyanın diqqət mərkəzinə çevirir.

“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir.

Sonda kollektiv şəkil də çəkdirildi. (Azərtac)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.