11 noyabr 2013 12:34
Sahib Ələkbərov: Bakı-2015-ə yüksək səviyyədə hazırlaşacağıq
Bu mövsüm velosiped idmanı üçün əlamətdar keçdi. May ayında məşhur dünya turları ailəsinə daha biri - “Tour d`Azerbaidjan” qoşuldu. Odlar Yurdunda keçirilmiş yarış debütdəcə uğur qazanaraq, qısa zaman ərzində beynəlxalq federasiya tərəfindən daha yüksək status aldı. Bu, dünya təcrübəsində nadir uğurlardan idi.
Cari mövsümdə ölkəmizin ilk peşəkar velosiped klubu “Synergy Baku” fəaliyyətə başladı. Yerli və legionerlərin yer aldığı komanda UCİ-nin turnirlərində layiqli çıxış etdi. İnkişaf elə sürət alıb ki, artıq Ukrayna KİV-i uğur üçün ölkəmizdən nümunə götürülməsini tövsiyyə edir.
Bu günlərdə “Bayrağımız qürur mənbəyimizdi” şüarı altında təşkil olunan növbəti kütləvi tədbirdən sonra azerisport.az-ın əməkdaşı AVİF-in vitse-prezidenti Sahib Ələkbərovla görüşüb, onun yarış barədə təəssüratını və federasiyanın qarşıdakı planlarını öyrənib:
- Son zamanlar velosiped idmanı ilə bağlı kütləvi tədbirlərin sayı artıb. Hiss olunur ki, canlanma var.
- Sizinlə razıyam. Fəallığımız bunun sonra da davam edəcək. Dövlət Bayrağı Günü ilə əlaqədar növbəti böyük tədbirimizi keçirdik. Maraqlı yarış oldu. Havanın yağmurlu, soyuq və küləkli olmasına baxmayaraq, yeniyetmə idmançılarımız öz məharətlərini göstərə bildilər. Düşünürəm ki, bu tədbirin yaxın gələcəkdə velosiped idmanın ölkəmizdə daha geniş yayılmasına çox müsbət təsiri olacaq.
- Gələn mövsümdə planlar nədən ibarət olacaq?
- Planlar çoxdur (gülüsməyir). Amma belə bir nümunə var: Zamanla bağlı danışmaq yaxşı əlamət deyil. Çalışacağağıq ki, velosiped idmanını daha geniş yayaq, çoxlu yarışlar keçirək və 7-11 mayda artıq ənənəyə çevrilmiş “Tour d`Azerbaidjan” beynəlxlaq veloturunu yüksək səviyyədə təşkil edək. Bilirsiniz ki, gələn ildən bu yarış 2.1 kateqoriyası üzrə keçiriləcək. Burada peşəkar komandalar iştirak edəcəklər. Biz artıq hazırlığımıza başlamışıq.
- “Tour d`Azerbaidjan”dan söz düşmüşkən, federasiya qısa zamanda bu yarışın dərəcəsini 1 pillə artırılmasına necə nail oldu?
- Bu işdə hamının əməyi var. İdmana yüksək səviyyədə dövlət qayğısı göstərilir. Ölkə başçısı cənab İlham Əliyev İsmayıllı səfərində olarkən, velosiped idmanı barəsində də öz sözünü demişdi. Bildirmişdi ki, bu çox gözəl idman növü, həm də gözəl nəqliyyat vasitəsidir. Çalışmalıyıq ki, velosiped idmanında kütləviliyə nail olaq. Bunların hamısı öz təsirini göstərdi. Artıq inkişaf yolundayıq.
Federasiya imkanı çərçivəsində əlindən gələni edir. Bu o deməkdir ki, bir il sonra ən yüksək səviyyəli peşəkar idmançılar Azərbaycana gəlib, burada mübarizə aparacaqlar.
- Sahib müəllim, ilk Avropa oyunlarının hazırlığına nə vaxt başlanılacaq?
- Gələn il ilk Avropa oyunlarının hazırlığı geniş vüsət almalıdır. Bildiyiniz kimi, bu mötəbər yarışda 3 növ - şosse, BMX və mountenbayk üzrə mübarizə aparacağıq. Qitə olimpiadası doğma divarlar arasında keçiriləcəyindən, məsuliyyətimiz ikiqat artacaq. Çalışacağıq ki, həmin tədbirə yaxşı hazırlaşaq.
- London olimpiadasında ilk dəfə olaraq velosiped idmanında təmsil olunduq. Yəqin, Rio-2016-da daha istəli yollanacağıq.
- Çalışacağıq. Bunun uğrunda mübarizə aparırıq. Bizim “Synergy Baku” adlı kontinenetal peşəkar komandamız var. Bu klubun təmsilçiləri cari mövsüm ərzində dünyanın müxtəlif ölkələrində keçirilmiş yarışlarda 15 dəfə mükafata layiq yer tutublar. Bu isə ona deməyə əsas verir ki, idmançılarımız lisenziyalar uğrunda layiqli mübarizə aparacaqlar. Azərbaycanın velosipedçiləri Rio olimaiadasında da mütləq təmsil olunacaqlar. Artıq qadınlardan ibarət komanda da yaratmışıq. Güman edirəm ki, xanım velosipedçilərimiz də burada öz sözünü deyə biləcəklər.
