12 aprel 2012 15:26
“Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”
Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında uğur qazanmış Silviya Angelova Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Avropa çempionatında uğurla çıxış edərək bürünc medal qazandın. Təəssüratlarını bizimlə bölüşə bilərsənmi?
- İlk dəfədi belə güclü turnirdə medal qazanıram. Həqiqətən çox sevinirəm. Uzunmüddətli, çətin məşqlərdən sonra bu uğuru qazanmaq xoşdur.
- Bu uğurun davamını gətirmək üçün özündə güc hiss edirsənmi?
- Bəli. Məşqlərimi daha həvəslə davam etdirəcəm. Qələbə qazanmaq xoşdur. Bu hissi yenidən yaşamaq istəyirəm.
- Medal qazanmağında kimlərin əməyi var?
- Azərbaycan Ağır Atletika Federasiyasında idmançılara olan münasibət və qayğı yüksək səviyyədədir. Federasiyada rəhbərliyi, xüsusilə də prezidentimiz cənab Cahangir Əsgərova təşəkkür edirəm. Məşqçimə də məni bu uğura daşıdığına görə minnətdaram.
- Azərbaycan xalqına demək istədiyin bir söz varmı?
- Azərbaycanı sevirəm! Bu ölkənin hər bir vətəndaşına təşəkkür edirəm. Onların etimadını gələcəkdə də doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm.
