28 aprel 2014 12:22

Fərhad Əliyev: Synergy Bakuya inanırıq

Mayın 7-11-də keçiriləcək “Tour d”Azerbaidjan-2014” veloyürüşü ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev müsahibə verib. Azerisport.az Fərhad Əliyevin müsahibəsini diqqətinizə çatdırır:
“Tour d”Azerbaidjan-2014” veloyürüşünə hazırlıq işləri necə gedir?
Beynəlxalq veloyürüşün startına çox az vaxt qalıb və artıq təşkilati işlər özünün ən son mərhələsinə qədəm qoyub. Yarışla əlaqədar ölkəmizə 600-ə yaxın qonağın gəlməsi gözlənilir və onların qarşılanması, yerləşdirilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. Ümumilikdə bu yarışda 22 ölkədən hər birinin heyətində 6 velosipedçi olan 25 komanda iştirak edəcək ki, onlardan da 8-i pro kontinental, 16-sı kontinental, 1-i isə milli komandadır. Bizi ən çox sevindirən məqam bu işdə müvafiq dövlət strukturları, nazirliklər, yerli icra hakimiyyətlərinin yarışın yüksək səviyyədə təşkili üçün yaxından iştirak etmələridir. Buna görə də onlara federasiyamız adından öz dərin təşəkkürümüzü bildirmək istərdim. Inanıram ki hamımızın birgə səylərimiz nəticəsində tur ən yüksək səviyyədə təşkil olunacaq.
Ötən illə müqayisədə Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) bu dəfəki yarışa 2.1 kateqoriyasını verməsi builki turun nə kimi yeniliklərlə yadda qalmasına şərait yaradacaq?
2013-cü il “Tour d”Azerbaidjan” yürüşünün yüksək səviyyədə təşkili UCI tərəfindən əla qiymətə layiq görüldü və bu bizə daha yüksək kateqoriyalı tur keçirməyə imkan verdi. Yarışımızın 2.1 kateqoriyasına layiq görülməsi hər şeydən öncə Azərbaycana daha güclü pro-kontinental komandaların gəlməsinə şərait yaradıb. Bundan başqa, UCI-ın bizim turumuza yüksək önəm verməsini sübut edən daha bir amil hakim təyinatları ilə bağlıdır. Belə ki, “Tour d”Azerbaidjan-2014”ün hakimləri içərisində dünyanın 1 nömrəli velosiped yarışı olan “Tour de France” veloyürüşündə baş hakimlik edəcək almaniyalı İnqo Rees də olacaq. Bundan başqa, biz Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının daimi iştirakçıları olan hakimləri də tura dəvət etmişik və onlar da Azərbaycana gələcəklər. Bunun özü isə yarışımızın hansı statusa malik olmasını bir daha sübut edir.
Yarışın coğrafiyası ilə bağlı nə kimi yeniliklər var?
Bu il yürüşümüzün 1-ci mərhələsində dəyişiklik var. Belə ki, əgər ötən il ilk mərhələ yalnız Bakı şəhərini əhatə edirdisə, bu il start Bakıda, finiş isə Sumqayıt şəhərində olacaq. Növbəti 3 gün ərzində iştirakçılar Ismayıllı, Qəbələ, Oğuz, Şəki, Şamaxı rayonlarında mübarizə aparacaqlar. Sonuncu mərhələ mayın 11-də Bakıda olacaq. Burada da bir yenilik etmək qərarına gəlmişik. Bildiyiniz kimi, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının proqramında velosiped idmanı da var və biz “Tour d”Azerbaidjan-2014”ün sonuncu mərhələsini məhz Bakı-2015-in velosiped yarışlarının keçiriləcəyi yollara salmışıq. Bu bir növ bizim üçün həmin yarışa hazırlığımız kimi dəyərləndirilə bilər.
Ötənilki yarışda “Synergy Baku” komandasının üzvləri kifayət qədər uğurlu çıxış etmişdilər. Ilk mərhələ komandamızın üzvü Kristof Şvayzerin qələbəsilə başa çatmışdı. Bu il komandamızdan hansı nəticəni gözləmək olar və komandamızın heyəti artıq müəyyənləşibmi?
Ötən illə müqayisədə bu dəfə daha çətin olacaq. Çünki, Azərbaycana gələcək 8 pro-kontinental komanda ilə mübarizə o qədər də asan deyil. Amma biz “Synergy Baku”ya inanırıq. Çünki velosipedçilərimizin 2014-cü il mövsümünə hazırlığı üçün lazım olan bütün şərait yaradılıb. Bundan başqa, heyətə kifayət qədər böyük təcrübəsi olan səviyyəli velosipedçilər cəlb edilib. Onların bu il keçirilən beynəlxalq yürüşlərdə - Yeni Zelandiya, Malayziya, Xorvatiyada qazandıqları nəticələr olduqca ürəkaçandır. O ki qaldı heyətə, düzdür ilkin heyət açıqlanıb, amma müəyyən dəyişikliklər ola bilər. Bu komanda üzvlərinin yarışöncəsi son hazırlıq durumundan asılı olacaq.
Yarışın daha geniş təbliği üçün daha nə kimi işlər görülür?
“Tour d’Azerbaidjan” veloyürüşü indi idman həvəskarlarına daha yaxındır. Belə ki, bizim təşəbbüsümüzlə bu nüfuzlu yarışın kompüter oyun versiyası hazırlanaraq istifadəyə verilib. Artıq hər bir şəxs peşəkar velosipedçi kimi “Tour d’Azerbaidjan”ın virtual iştirakçısı ola bilər. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, fləş-oyun versiyasında marşrutlar Azərbaycanın bütün bölgələrini əhatə edir ki, bu da ölkəmizin dünyaya daha yaxından tanıdılmasına xidmət edir. Real yürüşdə olduğu kimi, oyun versiyasında da hər mərhələnin öz çətinlikləri var. Mayın 7-də start götürəcək “Tour d’Azerbaidjan-2014”ə qədər oyunda daha çox xal toplayan iştirakçı federasiyamız tərəfindən xüsusi mükafata layiq görüləcək. Oyunda iştirak etmək üçün yarışın rəsmi səhifəsinə daxil olmaq kifayətdir.
(AVİF mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.