11 aprel 2014 11:28
"Synergy Baku"nun yürüşçüsü səkkizliyə düşdü
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Cənubi Afrika Respublikasında keçirilən “Mzansi Tour” veloyürüşündə çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər Ittifaqının 2.2 kateqoriyalı yarışının 2-ci mərhələsində iştirakçılar 159 km məsafə qət ediblər.
Heyəti Kristof Şvayzer, Yan Sokol, Metyu Bremmier, Markus Eybeger, Fil Laveri və Konnor Makkonveydən ibarət “Synergy Baku” üzvlərindən 2-ci mərhələdə ən yaxşı göstərici Markus Eybegerə məxsusdur. O, məsafəni 3 saat, 47 dəqiqə, 48 saniyəyə başa vuraraq 8-ci olub. Bu mərhələnin qalibi adını isə yerli “MTN-Qhubeka” komandasının üzvü Luis Meytjes qazanıb - 3 saat, 46 dəqiqə, 8 saniyə.
Ümumi sıralanmaya gəlincə, 2-ci mərhələdəki çıxışı Eybegerə 11-ci pilləyə qalxmağa şərait yaradıb. Hazırda o, liderə 2 dəqiqə, 50 saniyə uduzmaqla 11-cidir. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 201 km məsafə qət edəcəklər.
Yürüşə sabah yekun vurulacaq.
(AVİF mətbuat xidməti)
