5 oktyabr 2013 00:14
Azərbaycanlı velosəyyah Çinə qədər gedib çıxıb (FOTO)
Azərbaycanlı velosəyyah Ramil Ziyadov dünən Vətənə dönüb. Azerisport.az xəbər verir ki, təqribən 15 min kilometr məsafə qət edən velosipedçi Pekindən Bakıya təyyarə ilə qayıdıb.
Aprelin 10-da yaşadığı doğma Bərdədən yola düşən 35 yaşlı idmançı, velosipedlə Çinə qədər gedib çıxıb. O, Rusiyanın Dağıstan, Kalmık və Həştərxan ərazilərindən keçərək, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda olub. Sonra Rusiyaya dönərək, Zabaykalye və Sibir tayqasından ötərək, hündürlüyü 900 metrdən 2500 metrədək olan dağları aşıb. Velosipedçi səyahət zamanı telekanallara çoxsaylı müsahibələr verib, Azərbaycanın tarixindən, mədəniyyətindən və adət-ənənələrindən danışıb.
Ramil ölkəmizdə belə böyük məsafəni qət etmiş ilk idmançı olub. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan veloyürüş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarı ilə keçirilib.
Yürüş zamanı idmançı Böyük Çin səddində olub. Burada Azərbaycanın və Türkiyənin bayraqlarını dalğalandırıb, sonra Sarı dənizin sahilləri boyunca sonuncu məntəqə – Pekinə çatıb.
Velosəyyah təəssüratını avif.az-la belə bölüşüb: “Mən çox xoşbəxtəm ki, belə bir məsafəni qət edə bildim və velosipedlə 5 ölkənin ərazisindən keçən ilk azərbaycanlı oldum. Ölkəmizin bayrağı bundan sonra da şöhrətləndirmək üçün, əlimdən gələni edəcəyəm. Gələcəkdə Rusiyanın mərkəzi hissəsini gəzib-dolaşmağı, oradan Qərbə - Avropaya yola düşməyi və təqribən 20 min kilometr qət edərək, növbəti velo səyahətini Afrikada başa çatdırmağı planlaşdıram”.
